Siyasət 3 Avqust 2023, 16:22 | Baxış sayı: 225
“Yevlaxda danışıqlar baş tutsa, bu, ermənilər üçün şans olacaq”

"Azərbaycan dövlətinin öz vətəndaşları olan ermənilərə müraciəti ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazdakı dövlətlərin sərhədləri müəyyən olunsun, milliyyətindən, dinindən asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında bərabər olsun".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov bildirib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərlə bağlı Ali Baş Komandan hər şeyi aydın bəyan edib:
 
"Doğrudur, erməni məkri dünyada qəbul edilməyən dəhşətli bir anlayışdır. Uzun illər boyunca bundan əziyyət çəkdik, inanmıram ki, gələcəkdə hansısa azərbaycanlı bunu yaddan çıxarsın. Yaddaşımızı yeniləmək üçün tariximiz var, yazılır, dövlət başçısının dediyi kimi həmişə də yazılmalıdır.

Prezident deyir ki, ey erməni, Azərbaycan qanunlarını qəbul et, sənin hüquqlarını müdafiə etmək bu dövlətin borcudur. Yox, əgər, sən separatçı mövqeyindən dönmürsənsə, onda öz taleyini özün yaşa". 

Deputat əlavə edib ki, heç bir beynəlxalq təşkilat, dövlət Azərbaycana təsir və təzyiq edə bilməz, onu təhdid edə bilməz:

"Çünki Azərbaycan kiminsə haqqına girmir, kiminsə hüququnu tapdalamır. Bu dövlət, onun rəsmiləri dönə-dönə qeyd edirlər ki, bizim istəyimiz sülhdür, əmin-amanlıqdır. Keçmişdə bizə qarşı törədilmiş vəhşilikləri unutmasaq da yeni dövrdə düşmən mövqe geridə qalsın. Biz bunu Ermənistana açıq deyirik. O kiməsə aldanırsa - Fransa olsun, Amerika olsun, Rusiya olsun, öz problemidir".

A.İsgəndərov onu da xatırladıb ki, ən ağır məqamda erməni dövləti həmişə tək qalıb. Heç vaxt havadarları ona kömək etməyib:

"Ondan nə qorxuları var ki, hələ bir ona görə özlərini nüfuzdan da salsınlar?! 

Azərbaycanın istəyi separatçıların torpaqlarımızı tərk etməsi, qan tökülməsinə son qoyulmasıdır".

Deputatın sözlərinə görə, əgər Yevlaxda danışıqlar baş tutacaqsa, bu, ermənilər üçün daha bir şans olacaq:

"Özləri də bilir ki, Qarabağ onların deyil. Azərbaycan öz torpağında öz vətəndaşına diqtə edir. Ermənilərin nəsə iddia etməyə haqları yoxdur. Erməni bu torpağın sahibidirsə, 1805-ci ildə Çar Rusiyası ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay müqaviləsi imzalananda nə üçün onlar yada düşmürdü? Çünki söz sahibi deyildilər. Bundan sonra da söz sahibi deyil, yalnız Azərbaycan vətəndaşı kimi bu torpaqlarda yaşaya biləcəklər".

demokrat.az

Xəbərlər