İctimai Dinləmə 18 Aprel 2024, 14:47 | Baxış sayı: 29
"İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir"

İqlim dəyişiklikləri qadın və kişilərə müxtəlif formada təsir edir. Bunların sırasında sağlamlıq, xüsusilə də reproduktiv sağlamlıq, ərzaq və qida təhlükəsizliyi, ekoloji mühitin müdafiəsi, sosial-iqtisadi məsələlər, məskunlaşma və digər problemləri qeyd edə bilərik. Artıq beynəlxalq ictimaiyyət səviyyəsində etiraf olunur ki, iqlim dəyişikliyi probleminin həlli bu prosesin sosial aspektlərini nəzərə almadan, müxtəlif insan qruplarına təsirini qiymətləndirmədən, ümumilikdə qadın və kişilərin bərabər iştirakı olmadan mümkün deyil.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova aprelin 17-də parlamentdə keçirilən “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda birgə ictimai dinləmədə deyib.

O qeyd edib ki, Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq yaşıl əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq edilir. Ətraf mühit problemlərinin həllinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Bizim qarşımızda hansı vəzifələr dayanır? Ekoloji problemlərin yaratdığı reallıqları necə dərk edirik, necə anlayırıq? Vətəndaşlarımız bu barədə təkcə məktəblərdə, təhsil müəssisələrində deyil, daha geniş şəkildə maarifləndirilməlidir.

“Hər bir ailədə su, qaz, elektrik enerjisindən qənaətlə istifadə olunmalıdır. Ətraf mühiti qorumalıyıq. Biz ailədə böyüyən uşaqlarımıza da bunları öyrətməliyik. Bütün bunlar məişət mədəniyyətinin, ekoloji mədəniyyətin formaşamasına səbəb olacaq. Bu isə insanların ekoloji problemlərə daha ehtiyatla yanaşmaları, təbiətlə harmoniyada yaşamaları deməkdir”, - deyə komitə sədri bildirib.

hafta.az

Xəbərlər