Siyasət 31 Oktyabr 2023, 14:06 | Baxış sayı: 142
"Azərbaycanla heç kim hədə dili ilə danışa bilməz"

Ermənipərəst ölkələrin sırasına daha biri əlavə olunub. Kanada, onun rəhbər şəxsləri, xüsusi ilə də Kanadanın xarici işlər naziri son vaxtlar Azərbaycan əleyhinə bəyanatlar verməklə Ermənistanın müdafiəçisi kimi çıxış edir. Belə ki, Ermənistana səfəri zamanı Kanadanın xarici işlər naziri Melani Coli Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməklə kifayətlənməyərək, eyni zamanda, rəsmi Bakını sanksiyalarla hədələyib.

Əlbəttə ki, bu Azərbaycana qarşı birinci hal deyil. 30 ilə yaxın kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının və Baş Assambleyasının kağız üzərində qalan Qətnamələrini nəhayət Azərbaycan özü yerinə yetirdi. Bu illər ərzində heç bir dövlət öz Vətənində 1 milyona yaxın insanın məcburi köçkün vəziyyətinə məruz qalmasından, Ermənistan tərəfindən azərbaycanlılara qarşı edilən etnik təmizləmə siyasətindən, qadın və uşaqlara, yaşlı insanlar qarşı edilən işgəncə və zorakılıqdan, vətəndaşlarımıza qarşı törədilən soyqırımından, tarixi, dini, mədəni irsimizin dağıdılmasından, saxtalaşdırılmasından, yeraltı və yerüstü sərvətlərimizin istismar olunmasından, humanitar və ekoloji terrordan danışmadı, heç bir dövlətin və ya beynəlxalq təşkilatın missiyası gəlmədi, bəyanatlar verilmədi. Məgər azərbaycanlıların hüquqları pozulmurdu? İndi isə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi. Həm də beynəlxalq hüququ yerinə yetirdi. 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri hərbi əməliyyatlardan uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan, raketlərdən atəşə tutaraq, dinc insanları qətlə yetirəndə bu dövlətlər, beynəlxalq təşkilatlar harada idilər? Nə üçün onların səsi eşidilmirdi?

İndi Kanada qərəz və səlibçi düşüncəyə əsaslanaraq Azərbaycanı hansısa “deportasiya”da ittiham etməyə çalışır. Bütün dünya gördü ki, (bu beynəlxalq təşkilatların hesabatlarında da ifadə olunur) ermənilər öz xoşları ilə çıxıb getdilər. Onlara qarşı hətta kobud davranış belə olmadı(Nəzərə alsaq ki, onların çoxu rəsmi olaraq Ermənistanın, eləcə də digər dövlətlərin vətəndaşıdırlar). Ancaq bununla yanaşı, Ermənistanın bir nömrəli müdafiəçisi Fransa və onun rəsmiləri kimi Kanadanın Xarici İşlər naziri Meloni Coli bundan əvvəl də Azərbaycana qarşı absurd iddialar səsləndirib. Onun Xarici İşlər Nazirliyinin rəhbəri kimi səriştəsizliyi, ölkəmizi, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləməsi onun diplomatiya normalarından nə qədər uzaq olduğunu göstərir.

Yarandığı gündən müstəqil xarici siyasəti olmayan Kanada Azərbaycanı müəyyən sanksiyalarla hədələyərək marionet dövlət olduğunu sübut edən Colinin bəyanatları bir daha göstərir ki, onun missiyası müəyyən aktorların, məsələn, Vaşinqtonun göstərişlərini qeyd-şərtsiz yerinə yetirməkdir. Yeri gəlmişkən, Kanada hökumətinin marionet xarakteri haqqında bir çox faktı misal çəkmək olar. Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Ştat qubernatorları belə bəzən Vaşinqtondan fərqli mövqe tuta bilərlər. Lakin Kanadanın öz fikrini bildirmək hüququ yoxdur.

Yerli aborigen xalqların soyqırımı nəticəsində yaranan Kanada digər ölkələri “dözümsüzlük”də ittiham edə biləcək sonuncu ölkədir. Kanadada hindu uşaqları üçün açılan çoxsaylı internatlarda kütləvi şəkildə uşaqların öldürülməsi ilə bağlı hələ də üzə çıxan faktlar hamıya məlumdur. 1831-1996-cı illərdə fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağı evlərindən və ailələrindən güclə ayrılıb. Bu uşaqlardan bir çoxu fiziki və cinsi istismara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalaraq bəziləri də üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölüblər. Kamlupsdakı qırmızdərili katolik kilsəsinin internat məktəbini bitirmiş 72 yaşlı Saa Hiil Sut həmin təhsil ocağında uzun illərdir ona edilən işgəncədən və orada başlarına gətirilənlərdən danışıb: “Günahkarlar cəzasız buraxılırlar. Vatikanın hələ də üzr istəməməsi həmin internatlarda minlərlə uşağın fiziki və cinsi istismara məruz qalması hadisəsinə biganəlikdir. Rəsmi məlumata görə, Kanada üzrə 139 katolik kilsəsinin internat məktəbləri fəaliyyət göstərir. Onların hamısı Kanada hökuməti adından katolik kilsəsi tərəfindən idarə olunur. Bütün dünya bu faktları bilir. Kanada öz etdiyi cinayətləri ört-basdır edir, törətdiyi soyqırımı görməzdən gəlir.

Əslində Kanada XİN başçısının özbaşına Ermənistanla şərti sərhədə gəlməsi, ölkəmizi müşahidə etməsi diplomatik xidmətlərlə bağlı Vyana Konvensiyasının tələblərinə ziddir. ABŞ-ın marionetası olan Kanada kimdir ki, Azərbaycanı sanksiyalarla hədələyir? Kanada Xarici İşlər Nazirliyinin rəhbərinin səsləndirdiyi mənasız fikirlər nazirin adi coğrafi biliyə belə malik olmadığını göstərir. Belə olmasaydı, o, ölkəmizin əhəmiyyətini anlayardı. Bu gün Kanada uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə də uran ya Çindən, ya da Azərbaycandan keçməklə Kanadaya çatdırıla bilər. Çin bununla razılaşa bilməz, ona görə də Kanada bu məsələdə Azərbaycandan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər .

Kanada kimi ölkələr Cənubi Qafqazda sülhü asanlıqla poza biləcəklərini düşünürsə, yanılır. Ölkəmizin daxili işlərinə istənilən müdaxilə ilə Kanada şirkətlərinin Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmalıdır, çünki bizə dost olmayan, ikiüzlü ölkə və onun şirkətləri lazım deyil. Bizə necə münasibət olacaq, elə də adekvat cavab alacaqdır.

teleqraf.com

Xəbərlər