Siyasət 18 Aprel 2024, 18:06 | Baxış sayı: 747
“Azərbaycan xalqından üzr istəməlidirlər”

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi dövlətimizin qələbəsini həzm etməyən radikal qruplaşmalarda isterika yaradıb. Üç ildən çox müddət ərzində Sevinc Osmanqızı, Əli Kərimli, Milli Şuranın digər radikal üzvləri, xaricdə oturub Azərbaycana həqarət yağdırmağı özünə peşə edənlərin proqnozları özünü doğrultmadı. Azərbaycan addım-addım öz hədəflərinə doğru irəlilədi. Bu gün ərazisinin hər bir qarışına hakim olan, torpağında heç bir dövlətin ordusu olmayan, suverenliyini tam bərpa etmiş bir Azərbaycan var”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O qeyd edib ki, Azərbaycanın güclü olması adıçəkilən şəxslərin hər birini hiddətləndirir:

“Çünki Azərbaycanın tarixi zəfərinə kölgə salmaq istəyirlər. Bu şəxslər üç ildən çoxdur iddia edirlər ki, Azərbaycan müharibədəki qələbəni özü əldə etməyib. Bu zəfəri Azərbaycan xalqından, Ali Baş Komandandan, ordumuzdan başqa hamının adını yazdılar, özlərinin anti-milli mövqelərini ortaya qoydular. Deyirdilər ki, Qarabağı işğaldan azad etdik, amma bütün ölkə işğal altına düşdü, çünki sülhməramlı qüvvələr Qarabağda yerləşib. İndi isə Azərbaycanı tənqid etmək üçün əllərində heç bir vasitə qalmayıb, sonuncu bəhanələri də əllərindən çıxıb. 

Əli Kərimli də, Milli Şura da onsuz da Azərbaycanın siyasətində yoxdurlar, artıq birdəfəlik getməlidirlər. Azərbaycanın böyük qələbə qazandığını etiraf etməlidirlər, Azərbaycan xalqından onun maraqlarına qarşı fəaliyyət göstərdikləri üçün üzr istəməlidirlər. Yox, əgər özlərində bu cəsarəti tapmırlarsa, bütövlükdə Azərbaycanın siyasi məkanını birdəfəlik tərk etməlidirlər”.

demokrat.az

Xəbərlər