Siyasət 30 Yanvar 2024, 13:58 | Baxış sayı: 111
"AŞPA-da olub-olmamağın milli maraqlarımız üçün heç bir fərqi yoxdur"

 Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu cavablandırır:

- Hikmət bəy, əvvəla Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətdə dayandırmaq qərarını şərh etməyinizi istərdik.

- Hər hansı bir müstəqil dövlət hansısa beynəlxalq təşkilata üzv olarkən mütləq o beynəlxalq təşkilat çərçivəsində maraqlarını müəyyənləşdirir. Milli maraqlarını, dövlət maraqlarını qorumaq üçün mexanizmlər axtarır. Eyni zamanda qarşılıqlı şəkildə həmin beynəlxalq təşkilatda öz maraqları kontekstindən çıxış edərək, dövlətləri üzvlüyə qəbul edir və yaxud etmir. Hər halda 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olmaqla bağlı qərar qəbul edərkən ilk növbədə hüquqları pozulmuş çox saylı azərbaycanlıların hüquqlarının bərpa olunması üçün yaxşı bir platforma kimi görürdü. Onun Parlament Assembleyası da eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin siyahısına girərkən məhz bunları nəzərdə tuturdu. Çünki həmin illərdə Azərbaycanın torpaqlarının 20%-i işğal altında idi. Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün vardı. Bu qaçqın və məcburi köçkünlərin məhz Avropa Şurası, AŞPA-nın platformasında hüquqlarının qorunması üçün Azərbaycan əlavə mexanizmlər əldə etməyə çalışırdı. İkinci mühüm məsələ, şübhəsiz ki, Avropa Şurasının Nizamnaməsində öz əksini tapan prinsiplər hüquqların, haqqın, ədalətin qorunması ilə bağlı prinsiplər idi. Azərbaycan da AŞ-nin bu əlavə mexanizmləri vasitəsilə öz vətandaşlarının hüquqlarını, milli maraqlarını qorumağa çalışırdı. Çox təəssüf ki, ötən illər ərzində bəlli oldu ki, AŞ hansısa başqa ölkələr üçün müvafiq olan mexanizmləri Azərbaycana gəldikdə tətbiq etmir. Azərbaycan hər hansı bir vətəndaşının bir hüququnun qorunması ilə bağlı AŞ mexanizmlərinin tətbiq olunmasına nail ola bilmədi. Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın əleyhinə hər hansı qərar qəbul etdirə bilmədi. Hesab edirəm ki, əgər belədirsə, AŞPA-da olmaq və ya olmamaq nəticə etibarilə Azərbaycanın milli maraqları üçün heç bir fərq yaratmır.

 

- Azərbaycanın Avropa Şurasından uzaqlaşmasının ölkəmizə təsirləri necə ola bilər?

- Avropa Şurası Parlament Assambleyası ilə münasibətlər hələ Avropa ilə münasibətlər demək deyil. Çünki Avropa İttifaqının əsas icraedici qurumları, şübhəsiz ki, Avropa Birliyindədir. Tamamilə bir- birindən fərqlənən mexanizmlər, fərqlənən institutlardır. Çünki Avropa Şurası daha çox insan hüquqları üzrə ixtisaslaşmış bir qurum hesab edilir və fərqli funksiyaları var. Ancaq Avropa İttifaqı isə tamamilə fərqli qurumdur. Ona görə düşünürəm ki, Avropa Şurası ilə və yaxud Avropa Şurası Parlament Assambleyası ilə hər hansı münasibətlər Avropa İttifaqı ilə olan münasibətlərdən fərqlidir. Azərbaycanın AŞPA ilə münasibətləri Avropa ilə münasibətlərinə şamil edilmir.

- Avropa ilə baş vermiş gərginliyin Ermənistanla Azərbaycan sərhədinə keçmə ehtimalı varmı?

- Ermənistan Azərbaycan sərhədində bu məsələnin bu və ya digər formada özünü göstərməsi mümkün deyil. Lakin başdan bir şey çox aydındır ki, Avropa Şurası Parlament Assambleyasının bu mövqeyi regionda sülh üçün təhdidlər yaradır. Çünki mövqeyində vahid kriteriyalardan Azərbaycana və Ermənistana qarşı çıxış etmir. Bu isə ikili standartlar yaradır. Nəticə etibarilə şübhəsiz ki, bir növ Ermənistanı yeni aqressiyaya təşviq edir. Bu da sülhün əleyhinədir.

 

- AŞPA bütün bu işləri beynəlxalq hüquq çərçivəsində, ədalətli və qərəzsiz görməlidir. Azərbaycana münasibət məsələsində AŞPA hüquqa, tərəfsizliyə, qanuna və obyektivliyə əməl edirdimi?

- Ermənistanın qaldırdığı yalan iddialarla bağlı Azərbaycana qarşı ittihamların səsləndirilməsi, Qarabağda 30 il ərzində baş verən erməni vandalizmini görməzdən gəlmək. Əslində Azərbaycan ərazisində olmayan hansısa erməni mədəniyyətinin, abidələrinin qorunmasını tələb etmək sözsüz, sülhə xidmət etmir. Obyektiv reallığı özündə əks etdirmir. Avropa Şurasının, eyni zamanda onun Parlament Assambleyasının ikili standartdan çıxış etdiyinin göstəricisinə çevrilir. Belə olduğu təqdirdə əlbəttə ki, bu, ümumi sühədə xidmət etmir.

 

- Necə düşünürsünüz, Azərbaycanla təhdid dili ilə danışmaq və onu nəyəsə məcbur etmək kimi düşüncələr nəticə verəcək?

Şübhəsiz ki, bu gün Azərbaycanla təhdid dilindən danışmaq, Azərbaycana direktivlər göndərmək mümkün deyil. Çünki Azərbaycan müstəqil dövlətdir, öz suveren iradəsini nümayiş etdirməyi bacaracaq qədər qətiyyətə sahib olan bir ölkədir. Ona görə də Azərbaycanla təhdid və diktə dilindən danışmaq olmaz. Azərbaycan əlbəttə ki, hər hansı bir beynəlxalq təşkilatın götürdüyü öhdəçiliyə sadiqdir, beynəlxalq hüquqa sadiqdir. Bu çərçivədə bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Kim bunları göz ardı edib, öz imperialist məqsədlərini Avropa Şurası üzərindən Azərbaycana diktə etməyə çalışırsa, bu əlbəttə ki, baş tutmayacaqdır.

 

- Sizcə, AŞPA yenidən Azərbaycanla münasibətləri bərpa edəcək?

- AŞPA-nın Azərbaycanla münasibətlərini yenidən bərpa etməsi üçün düşünürəm ki, AŞPA-nın Azərbaycana münasibətdə özünün Nizamnamə prinsiplərinə qayıtması zərurəti var. Əgər AŞPA ikili standartlar mövqeyindən, Azərbaycanı ittiham etməkdən əl çəkərsə, şübhəsiz ki, AŞPA ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi mümkün ola bilər. Yox, əgər AŞPA özünü islamofob mərkəzlərin polisi kimi aparmağa çalışacaqsa, islamofob mərkəzlərin jandarması rolunda çıxış etməyə çalışacaqsa, Azərbaycan bunu qəbul etməyəcəkdir. Ona görə də, necə deyərlər, top Avropa Şurasındadır. Əgər öz nizamnamə fəaliyyətinə qayıdarsa, beynəlxalq hüququ, ədaləti, insan hüquqları kimi ali prinsipləri Azərbaycanla münasibətdə də olduğu kimi tətbiq edərsə, əlbəttə ki, bu zaman əməkdaşlıq bundan sonra da mümkün ola bilər.

 

- Mediada və sosial şəbəkələrdə Azərbaycanın AŞPA-dan çıxması barədə təkliflər səslənir. Ümumiyyətlə, Avropa Şurası bizə lazımdırmı?

- Sosial şəbəkələrdə müzakirə olunan məsələlər, Azərbaycanın AŞPA-dan ümumiyyətlə çıxması, şübhəsiz ki, Azərbaycan ictimai rəyinin bir növ xülasəsidir. Bu təşkilat o qədər qərəzli davrandı ki, Azərbaycana qarşı bu gün artıq Azərbaycanın AŞPA-da üzv olması, milli maraqlarımız baxımından Azərbaycanın ictimai rəyi özünə təhdid kimi görür. Çünki AŞPA öz davranışlarına ilə sülhə mane olur, azərbaycanlıların hüquqlarını məhdudlaşdırmağa çalışır. Azərbaycanın suveren iradəsi üzərində iradə qurmağa çalışır. Belə olduğu halda, əlbəttə bu, sosial şəbəkələrin də müzakirə predmetinə çevrilir. Düşünürəm ki, Azərbaycan bütün hallarda əməkdaşlığa hazırdır. İndiki vəziyyətdə Avropa Şurası qərəzi, ikili standartları və islamafob eynəyi Avropa Şurasının Azərbaycanla əməkdaşlığa hazır olmadığını göstərir. AŞPA bundan xilas olmalıdır. Əgər olmasa, şübhəsiz, Azərbaycan bizə və regionda sülhə heç bir töhfə verə bilməyən bir təşkilata üzv olaraq qalmamalıdır.

aznews.az

Xəbərlər