Plenar iclaslar 20 Dekabr 2023, 15:59 | Baxış sayı: 160
"Prezidentin rəhbərliyi ilə qazanılan tarixi zəfər yeni reallıqlar və çağırışlar yaradıb"

"Azərbaycan xalqının bütün hüquqlarını özünə qaytaran Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfər yeni reallıqlar və çağırışlar yaradıb".

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin dekabrın 19-da keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əldə edilən tarixi nailiyyətlərin Azərbaycan xalqının gücünə güc qatması, həyata keçirilən işlərin davamı ölkəmizin siyasi, hərbi, diplomatik meyarı İlham Əliyevlə bağlıdır: "Tarixi məsuliyyət bütün xalqımızın üzərinə düşür”.

Deputat Bəhruz Məhərrəmov söyləyib ki, Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar Prezident seçkilərində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirib: "Elan edilən növbədənkənar Prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkanıdır. Bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalifətin rahat şəlkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir”.

Parlamentin digər üzvü Musa Qasımlı qeyd edib ki, YAP-ın qərarı millətimizin bu gününə və gələcəyinə hesablanmış ən doğru qərardır: “Seçkilər hər bir cəmiyyətdə barometri üzə çıxarır. Siyasi partiyalar demokratik cəmiyyətin normasıdır. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib-etməmək qərarı hər bir siyasi partiyanın müstəsna hüququdur. Amma siyasi partiya hakimiyyətə gəlmək üçün yaradılır, onun yolu seçkidən keçir. Əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? Hakimiyyətə gəlməyin yolu seçkidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin alternativi yoxdur, millətimizin tək namizədidir”.

Deputat Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır: “Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb. COP29-un ölkəmizdə keçirilməsinin böyük siyasi əhəmiyyəti də var. Azərbaycanın öz ərazisi olan Qarabağda antiterror tədbirlərinin həyata keçirilməsindən qısa müddət sonra bu cür mötəbər tədbirin Azərbaycanda keçirilməsi haqda qərarın gəbul edilməsi dünya dövlətlərinin ölkəmizə dəstəyinin bariz nümunəsidir”.

report.az

Xəbərlər