Siyasət 26 Yanvar 2024, 14:25 | Baxış sayı: 94
“Səddam Hüseyn devriləndən sonra ölkənin parçalandığı dövrdə Azərbaycan İraqın yanında olub”

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov yanvarın 24-də bu ölkənin ticarət naziri Atır Əl-Ğureyri ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, həmçinin inkişaf perspektivləri müzakirə olunub.

İraqlı nazir rəsmi Bağdadın Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə geniş əlaqələr qurmaqda və əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. 

Söhbət zamanı iş adamlarının və rəsmi şəxslərin səfərlərinin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub, bu istiqamətdə daha səmərəli addımların atılacağı bildirilib.


Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov açıqlamasında Azərbaycanla İraq arasında mövcud əlaqələrin tarixinə toxunub. 

Deputat qeyd edib ki, Azərbaycanla İraqı tarixi köklər birləşdirir:

“Tarix boyu iki ölkə arasında hər zaman səmimi münasibətlər olub. Xüsusilə Kərbəla şəhəri başda olmaqla İraqdakı müqəddəs yerlər iki xalq arasında dini və mədəni əlaqələrin inkişafına təsir edib. Hətta, Sovet dövründə belə İraqdan gələn tələbələr Azərbaycanda neft sənayesi üzrə ixtisaslaşır və ölkələrinə qayıdırdılar. Azərbaycan dövlət müstəqilliyini bərpa  etdikdən sonra İraqla münasibətlər daha da inkişaf edib. Dahi şairimiz Məhəmməd Füzuliyə olan münasibət, ortaq tariximizin və ədəbiyyatımızın öyrənilməsi, qardaş İraq türkmənlərinə olan münasibət, onların ədiblərinin əsərlərinin Azərbaycanda çap olunması fonunda inkişaf edən qarşılıqlı əlaqələr böyük mədəni və siyasi hadisədir. İraqda Səddam Hüseynin devrilməsindən sonra ölkənin parçalandığı, İŞİD təhlükəsinin baş qaldırdığı dövrdə də Azərbaycan İraqın yanında olub. 

Bu yaxınlarda İraq Prezidentinin Azərbaycana səfər etməsi ikitərəfli əlaqələrin inkişafında xəbər verir. Hər iki tərəf bildirir ki, gələcəkdə İraqın təhlükəsizliyi tam təmin olunandan sonra iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün imkanlar artacaq. 

Əminəm ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi kimi İraq da buna nail olacaq, xarici güclərin hərbi bazaraları ölkədən çıxarılacaq və müstəqil siyasət yürüdən İraqla Azərbaycanın əlaqələri sürətli inkişaf mərhələsinə qədəm qoyacaq”.

demokrat.az

Xəbərlər