Siyasət 26 Fevral 2024, 17:57 | Baxış sayı: 170
"COP29-un Azərbaycanda keçirilməsi ölkənin siyasi həyatında böyük hadisədir "

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il Azərbaycanda keçirilməsi təkcə coğrafi cəhətdən deyil, ölkənin siyasi həyatında da böyük hadisədir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərli deyib.

O bildirib ki, belə ciddi konfransa ev sahibliyi ancaq dünyanın nüfuzlu dövlətlərinə, etimadı doğrulda biləcək ölkələrə həvalə olunur:

“Azərbaycan da dünyanın nüfuzlu dövlətlərindən biridir. Ölkəmiz iqlim dəyişikliyi ilə bağlı COP29-a qədər də uğurlu addımlar atıb. Eyni zamanda, gələcəkdə də iqlimlə bağlı insanların xeyrinə nələr etmək olarsa, mənbələr və təcrübələr əsasında dünyaya çatdırmaq əzmindədir. 2024-cü ilin noyabrında iki həftə ərzində 100 mindən çox insanın Azərbaycana gəlişi, tədbirlərdə iştirakı, COP29-la bağlı bölgələrə səfərləri gözlənilir. Bu, çox şərəfli, məsuliyyətli və ciddi məsələdir. Azərbaycan təbii ki, bu ev sahibliyinin də öhdəsindən uğurla gələcək”.

COP29-un təşkilat komitəsinin tərkibində gender bərabərliyinin təmin edilməsinə gəlincə, deputat vurğulayıb ki, Azərbaycan demokratik, dünyəvi, gender bərabərliyinin qorunmasına diqqət edən dövlətdir:

“Ona görə COP29-un Təşkilat Komitəsində də kifayət qədər qadınlar iştirak edirlər. Həmin qadınlar bu sahənin mütəxəssisi kimi fəaliyyət göstərəcəklər.

COP29, onun gender bərabərliyi əsasında formalaşdırılmış Təşkilat Komitəsi, konfransın fəaliyyəti göstərir ki, Azərbaycanın yolu demokratik, düşüncəmiz demokratik düşüncədir. Dövlətimiz dünyada sülh, əmin-amanlıq, ekoloji təhlükəsizliyin təmin olunması üçün mümkün olan addımları atmağa hazırdır”.

report.az

Xəbərlər