Siyasət 22 Sentyabr 2023, 15:30 | Baxış sayı: 180
“Tarixi ərazilərimizdə antiterror tədbirləri keçirməklə dövlətin qanunlarına tabe olmayan şəxsləri tənbeh etdik”

“Sentyabrın 21-i Ermənistanın Dövlət Müstəqilliyi Günü idi. Həmin gün eyni zamanda Xankəndindəki erməni icmasının nümayəndələri Yevlax şəhərinə gəldi və Azərbaycan hökumətinin nümayəndələrilə danışıqlar apardı. Nə üçün Yevlax? Bunun da bir mənası var. 90-cı illərdən sonra torpaqlarımızı işğal edən Ermənistan Azərbaycanı Yevlax və Gəncə ilə hədələyirdi. Guya Azərbaycan öz tarixi torpaqlarını geri qaytarmaq istəsə, ermənilər hətta Yevlaxı da işğal edəcəklər”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.  

O bildirib ki, Ali Baş Komandan xalqa müraciət edərkən bir daha Azərbaycan xalqı ilə erməni xalqının düşmən olmadığını, Qarabağdakı erməni əsilli sakinlərin də bu ölkənin vətəndaşları olduğunu vurğuladı.  

Tarixçi deputatın sözlərinə görə, Yevlax görüşü həm də onu göstərdi ki, dünyanın hər hansı dövləti nə bəyanat verirsə-versin, hansı təhdidləri edirsə-etsin, bunun Azərbaycana heç bir dəxli yoxdur:

“Bu gün 90-cı illərin zəif Azərbaycanı deyil, 21-ci əsrin güclü dövlətlərindən biri öz ərazi bütövlüyünü təmin etdi. Öz ərazilərimizdə antiterror tədbirləri keçirməklə dövlətin qanunlarına tabe olmayan, bu və ya digər ölkənin maraqları üçün alətə çevrilən insanları tənbeh etdik. Bir daha sübut etdik ki, tarixi torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri yuva salmışdı. Əgər belə bir şey yox idisə, onda Azərbaycan əsgəri kiminlə vuruşurdu?!”

A.İsgəndərov sonda qeyd edib ki, antiterror tədbirləri həyata keçirilərkən Ermənistan dövləti bu məsələdə heç bir silahlı münaqişəyə qoşulmaq istəmədiyini bəyan etdi:

“Bəlkə də bu, 30 il ərzində Ermənistan hökumətinin irəli sürdüyü ən ədalətli fikirlərdən biri idi. Qarabağ tarixi Azərbaycan torpağıdır. Əksi olsaydı, ermənilər oranı viran günə qoymazdı. İndi isə Azərbaycan dövləti və xalqı əl-ələ verərək Prezidentin rəhbərliyi altında azad edilən torpaqları abadlaşdırır. Tarixi torpaqlarımız cənnətə çevrilir. Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyata keçirdiyi bərpa və qurucluq işlərini Xankəndində də, Ağdərədə də davam etdirəcək. 

Suverenliyimiz uğrunda şəhid olan əsgər və zabitlərimiz var. Allahdan onlara rəhmət, yaralı qazilərimizə şəfa diləyirik”.

demokrat.az

Xəbərlər