Siyasət 10 May 2023, 14:06 | Baxış sayı: 215
“SSRİ-də məsul vəzifədə işləmək türk-müsəlman olaraq yalnız Heydər Əliyevə nəsib olmuşdu...”

“Ulu öndər Heydər Əliyev azərbaycanlı gənclərin ən müasir texnikalar idarə edən hərbi müəssisələrdə xidmət etməsini fikirləşirdi. Doğurdan da, buna müəyyən qədər nail ola bildi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasındadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. 

Deputat bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə aqrar bir ölkə olan Azərbaycan sənaye ölkəsinə çevrildi:

“Bu dövrlə bağlı ən böyük uğurlardan biri 1978-ci il Konstitusiyasında Azərbaycan Dilinin Dövlət Dili kimi təsbit olunması oldu. O zamanlar SSRİ mərkəzi hakimiyyəti buna heç cür razı olmurdu. Ancaq Heydər Əliyev öz zəngin təcrübəsindən istifadə edərək, buna nail ola bildi. 

Heydər Əliyev həmin dövrdə ən geridə qalan, müttəfiq respublika olan Azərbaycanı birincilər sırasına çıxara bildi. SSRİ adlı nəhəng imperiyada, nəhəng dövlətdə Azərbaycan da tanınmağa başladı. Bakı Dərin Özüllər Zavodunun bünövrəsi qoyulanda heç kimin ağlına gəlmirdi ki, zaman gələcək SSRİ adlı nəhəng dövlət dağılacaq və Xəzərdən neft çıxartmağa ehtiyac olacaq. Bu ehtiyacı isə ödəyən Bakı Dərin Özüllər Zavodu olacaq. Bu da təbii ki, Heydər Əliyevin uzaqgörənliyindən xəbər verirdi. 

Heydər Əliyevin böyük dövlətçilik təcrübəsinin nəticəsidir ki, o, 1982-ci ildə Moskvaya dəvət olundu və SSRİ-də Siyasi Büronun üzvü, SSRİ Nazirlər Kabinetinin birinci müavini oldu. Həmin vaxtlar nəhəng imperiyada məsul vəzifədə işləmək türk-müsəlman olaraq yalnız Heydər Əliyevə nəsib olmuşdur. Heç bir türk-müsəlman respublikasında, heç kim bu qədər yüksək vəzifəyə qalxmamışdır”.

Deputat qed edib ki, müstəqil Azərbaycanı gücləndirmək üçün Heydər Əliyev əlindən gələni etdi:

“Amma çox təəssüflər olsun ki, ömür vəfa qılmadı. O, Qarabağ məsələsini axıra çatdıra bilmədi. Ömür vəfa etməsə də, ömrün vəfa etmədiyi məsələləri də özünün siyasi varisi İlham Əliyevə vəsiyyət etdi. Beləliklə də, Heydər Əliyev siyasətini uğurla davam etdirən İlham Əliyev 2020-ci ildə 44 günlük müharibə ilə düşməni darmadağın etdi. 30 illik Qarabağ əzabının, Qarabağ çətinliklərinin intiqamını ala bildi. Azərbaycan əsgəri ilk dəfə qalib əsgər kimi öz torpaqlarını azad etdi və Azərbaycan qalib dövlətlər sırasına daxil oldu. 

Bu gün Azərbaycan güclü dövlətdir, Azərbaycan Türkiyə kimi müttəfiqi olan bir dövlətdir. İndi Azərbaycan Avropa ölkələrinə enerji verir, Türk-müsəlman dünyasında böyük nüfuz sahibidir. Mərkəzi Asiyada Azərbaycan xüsusi ehtiramla qarşılanır. Bütün bunlar Heydər Əliyev siyasəti və bunu uğurla davam etdirən İlham Əliyev siyasətinin nəticəsidir. Bu siyasət Azərbaycanı daha böyük uğurlara aparır və bu gün Azərbaycanın üçrəngli bayrağı dünyanın hər yerində qürurla dalğalanır”.

Xəbərlər