Siyasət 22 Avqust 2023, 15:58 | Baxış sayı: 163
"Rusiyanın Qarabağ ermənilərinə pasport verməsi inandırıcı görünmür"

Bu gün Laçın məntəqəsindən Rusiya pasportu daşıyan 60-a yaxın erməni əsilli şəxsin sərbəst keçidi təmin olunub. 

Tarixçi deputat Anar İsgəndərovun sözlərinə görə, Qarabağa 1923-cü ildə muxtariyyət statusu verilənə qədər  bura problemli bölgə idi:

“Qarabağ problemi Sovet Rusiyası tərəfindən süni şəkildə yaradılmış bir problem olub. Sovet hakimiyyəti erməni buferinin yaradılmasında maraqlı idi. Təki Azərbaycanla Türkiyə arasında münasibətlər yaranmasın, səmimilik olmasın. Vaxtilə Çarizm də eyni siyasəti yürüdüb”. 

Deputat qeyd edib ki, Ukrayna da bu təcrübəni yaşadı: 



“Orada yaşayan rus əsilli Ukrayna vətəndaşlarına Rusiya pasportları verildi. Luqanskda, Donetskdə bu baş verdi – Rusiyanın iddiasında olduğu, lakin ona məxsus olmayan torpaqlarda. Bu gün bütün Qərb Rusiya ilə müharibədədir. Azərbaycan isə hər iki ölkə ilə münasibətində ədalətlidir. Ukraynaya humanitar yardımlar edir, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardansa uzaq durur. Belə bir dövrdə Rusiya Federasiyasının Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya pasportu verməsi elə də inandırıcı görünmür. 

Rusiya bu gün ağır vəziyyətdədir. Amma bu o demək deyil ki, belə bir məsələ onun maraqlarını təmin edirsə, bundan imtina edə bilər. Əslində Qarabağ problemini yaradan da, bu dərəcədə çətinləşdirən də, bu günə qədər sülh müqaviləsinin imzalanmamasına səbəb olan da Rusiyadır”. 

A.İsgəndərov bildirib ki, Rusiya öz köhnə siyasətini bu gün də yürüdür:

“Cənubi Qafqazdan çəkilməmək, regionu Qərb dövlətlərinə buraxmamaq və özünün yüz illərdən bəri davam edən siyasətini qoruyub, saxlamaq üçün mümkün olanı edir. Qarabağ ermənilərinin də hansısa istəkləri ola bilər. Lakin əsas məsələ odur ki, bu gün bütün dünya qarşısında güclü Azərbaycan görür. Təhlükəsizlik Şurasında ermənilərin haqsız tələbi müzakirə olunanda nəticələr aydın oldu. Rusiyanın, Amerikanın ikibaşlı bəyanatları, Fransa, İspaniyanın qeyri-obyektiv mövqeləri bizi qorxutmur. Qarabağ arzumuz reallaşıb. Xırda problemlər də yaxın vaxtlarda öz həllini tapacaq”.

demokrat.az

Xəbərlər