“Qarabağ Universitetinə xarici tələbələri də cəlb edə bilərik”
Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Milli Məclisin deputatı Anar İsgəndərov açıqlamasında qeyd edib ki, Xankəndində Qarabağ Universitetinin yaradılması təqdirəlayiqdir:
“30 ildən sonra Azərbaycan torpaqları düşmən tapdağından azad edildikdə hansı mənzərənin şahidi olduq? Hər abidəmizin, hər mədəniyyət ocağımızın, məktəblərimizin, bağçalarımızın yerlə-yeksan edildiyini gördük. Azad olunan ərazilərdə bərpa və quruculuq işləri gedir. Əlbəttə ki, təhsil müəssisələrinin yaradılması da prioritet məsələdir. Bu boşluğu doldurmaq üçün ali məktəblər yaradılmalıdır. Xankəndində də universitetin açılmasına böyük ehtiyac var. 1969-cu ildən orada Pedaqoji Universitetin filialı var idi, 1973-cü ildə filial müstəqil instituta çevrildi və sonrakı illərdə də fəaliyyətini davam etdirdi. Əminəm ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetində dərslər başlayacaq, xarici tələbələri də burada təhsil almağa cəlb edə bilərik. Vaxtilə Xankəndindəki universitetdə dərs demiş azərbaycanlı müəllimlər yenidən oraya dönməyi səbrsizliklə gözləyirlər. Dövlətin bu siyasəti alqışlanmalıdır. Bütün bölgələrimizdə nə qədər çox ali təhsil ocağı olsa, bu, təhsilimizin daha da inkişaf etməsi ilə nəticələnər”.
demokrat.az