Siyasət 24 İyul 2023, 0:14 | Baxış sayı: 178
“Əminəm ki, 2023-cü il Xankəndi ili olacaq”

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkənin hər hansı bir bölgəsinə səfəri adi hadisədir. Adi, eyni zamanda xoş bir hadisədir. İlham Əliyevin Xocalıya səfəri nə deməkdir? Xocalı tarixi Azərbaycan torpağıdır. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata görə bu gün orada rus sülhməramlı qüvvələri var. Ancaq bu, o demək deyil ki, onların mövcudluğu əbədidir. Onlara konkret vaxt qoyulub, çıxma tarixləri də bəllidir”.

Bu sözləri açıqlamasında deputat Anar İsgəndərov Prezident İlham Əliyevin Xocalı səfəri ilə bağlı danışarkən bildirib. 

Deputat vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək gücünü bütün dünyaya bəyan edib:

“Sabah Prezident Ağdərəyə də, Xankəndinə də gedəcək. Niyə də getməsin?! 44 günlük müharibə ilə bütün məsələlər öz həllini tapıb. Azərbaycan qalib dövlətdir. Hətta düşmən Ermənistan dövlətinin rəhbərliyi də etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Bundan artıq nə olmalıdır?! 

Fransa, Rusiya rəhbərliyi bunu qəbul etmirsə bu, Azərbaycanın problemi deyil. Azərbaycanın problemi Ermənistanladır. 30 il idi ki, torpaqlarımızı işğal altında saxlayırdı. Biz qalibik, onlar məğlub”.  

Prezident İlham Əliyevin bu səfərlə bütün dünyaya mesaj verdiyini deyən deputat əlavə edib ki, son 6 ayda ölkə iqtisadiyyatının inkişafı ilə bağlı danışarkən də ölkə Prezidenti siyasi məqamlara toxunub:

“Prezident bəyan etdi ki, Azərbaycan heç bir dövlətin hədəsini qəbul etmir, öz haqqını müdafiə edə bilən güclü dövlətdir. Ona görə də ərazi bütövlüyünün qorunması ilə bağlı lazım olan hər şeyi edəcək. 

Dövlət başçısının bu gün Şuşada keçirilən media forumunda çıxışı bir daha göstərir ki, Azərbaycanın yolu əbədidir. Ermənistana da dəfələrlə müraciət etmişik ki, biz sülh müqaviləsi imzalamağa hazırıq, şərtlərimiz də məlumdur. Qarşı tərəf nə vaxt bu şərtləri qəbul edəcəksə, Azərbaycan da müqaviləyə imza atacaq. Əgər Ermənistan bunu istəmirsə, Azərbaycan nəsə itirmir. Bizə lazım olan öz tarixi torpaqlarımızı qaytarmaq idi, bunu da etdik. Əminəm ki, 2023-cü il Xankəndi ili olacaq, Xocalı, Ağdərə ili olacaq”.

demokrat.az
 

Xəbərlər