“Göyçə gölünün əsas hissəsi bizim tərəfdəydi, o tərəfdəki kiçik hissə də mübahisəli idi”
Anar İsgəndərov: “Göyçə gölünün əsas hissəsi bizim tərəfdəydi, o tərəfdəki kiçik hissə də mübahisəli idi”
“Tarixçilər üz-üzə oturanda erməni “tarixçilər” susurlar”
Zor Korkodyan adlı erməni tarixçi yazırdı: “Birinci Dünya müharibəsi başlayanda Ermənistan ərazisində 565 min türk-müsəlman yaşayırdı...”
“Yeni Müsavat”ın budəfəki müsahibi deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərovdur. Cümhukiyyət yadigarı olan Bakı Dövlət Universitetinin “Mənbəşünaslıq, Tarixşünaslıq və metodika” kafedrasının müdiri olan dəyərli ziyalımızla bu dəfə çox maraqlı, həm də dövlət və ictimai əhəmiyyətli mövzudan danışdıq.
Müsahibəmizdə erməni saxtakarlarına sərt şillə xarakteri daşıyan çoxsaylı tarixi faktlar var. Reallıq budur ki, Azərbaycan və Ermənistan sərhədləri hələ də dəqiqləşdirilməyib və bu prosesin məntiqi sonluğuna mane olanlar təkcə ermənilər deyil. Vaxtaşırı Ermənistan bəyan edir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və 29,8 min kv.km-lik ərazidən əlavə iddiamız yoxdur. Amma eyni zamanda Qarabağdan xain əllərini də çəkmirlər. Görünən budur ki, Ermənistan hələ də mənfur niyyətindən əl çəkmir. Tarixçi millət vəkilinə ilk sualımız bu mövzuda oldu:
- Anar müəllim, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü ərəfəsində soruşmaq istərdim: Ermənistanın növbəti dəfə sərgilədiyi cığallığının qarşılığında danışıqlar masasında 1918-20-ci illərdəki ərazilərimizin xəritəsini qoyub, tarixi ərazilərimizə israr edə bilərikmi? Ermənistanın beynəlxalq hüququ tapdadığı şəraitdə tarixçi baxışınızı bölüşməyinizi istərdim. Paris Sülh Konfransında Azərbaycan dövlətinin tanındığı ərazi və masaya qoyulan xəritə var ki, həmin xəritə indiki kimi, 86,6 min kv.km-lik ərazi ilə məhdudlaşmır...
- Əslində tarixə istinad eləsək, 1918-ci ilin mayına qədər Ermənistan dövləti olmayıb. Bir az da qabağa gedək: 1828-ci il Türkmənçay Müqaviləsi ilə Naxçıvan, İrəvan və Ordubad mahalları çar Rusiyası tərəfindən işğal olundu və xanlıq ləğv edildi. Bir ay sonra, martın 21-də erməni vilayəti yaradıldı. Məntiqlə sual olunur: əgər burada erməni var idisə, vilayət niyə 1828-ci ildə yaradılırdı? Elə 1828-ci il müqaviləsinin 15-ci maddəsində - müqavilə 16 maddədən ibarət idi - nə yazılır? Bu əraziyə xristian əhali köçürülür. Xristian ərazi dedikdə kimlərdən söhbət gedirdi? Təbii ki, ermənilərdən. Köçürmə komitəsi yaradıldı, general Lazarev Təbrizdə o komitənin sədri idi. Onun bir maraqlı çıxışı var. “Ey ermənilər, sizə təzə vətən tapmışıq!” O təzə vətən haradır? Qarabağdır, Naxçıvandır, İrəvan ərazisidir. Yəni bu erməni öz dili ilə dedi ki, ermənilər Ədirnə müqaviləsindən sonra Osmanlı ərazisindən, Türkmənçay müqaviləsindən sonra isə İrandan, yəni Cənubi Azərbaycan İrazisindən sonra bu ərazilərə gəlib. Bizim ərazilərə onların köçürülməsi ilə bağlı o qədər sənəd var ki, heç bir azərbaycanlının yazdığına ehtiyac yoxdur. Rus tarixçiləri o qədər əsərlər yazıblar, o əsərlərin özünü saf-çürük eləmək üçün böyük vaxt lazımdır. Üstəgəl, ermənilərin yazdıqlarını.
1918-ci ildəki vəziyyətə baxaq. 1918-ci ildə erməni bir xalq kimi yaşayıb, amma o dövlət qurmaq iqtidarında olmayıb və belə bir dövlətin ərazisi ilə bağlı hansısa xəritə yoxdur. Sizi əmin edirəm ki, ermənilər dünyanın harasına sənədlə getmək istəsələr, əliboş gedəcəklər. Nə üçün? Çünki xəritələrin hər birində Qərbi Azərbaycan ərazisindəki toponimlər hamısı Azərbaycan adlarıdır. Ona görə erməni heç vaxt bu xəritələri üzə çıxarmaz. 1918-ci ildə cümhuriyyətlər elan olunandan sonra ərazi iddiaları olub. Amma erməninin kimə ərazi iddiası yoxdur ki? Osmanlıya yoxdur bəlkə... Burada ən maraqlı cəhət bilirsiniz nədir? 1919-cu ildə biz Paris Sülh Konfransına gedəndə ermənilər bizi ora buraxmamaq üçün nələrdən keçdilər. Həm də bizdən fərqli olaraq, ermənilərin iki nümayəndə heyəti var idi: biri Parisdəki ermənilərin nümayəndə heyəti, bir də Araratdan gedənlər. Son nəticədə nə oldu? Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransını inandırdı və o, Azərbaycanı de-fakto tanıdı. İnandırdı ki, Azərbaycan adlı xalq həmişə olub və bu, onun tarixi ərazisidir. 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətini tanıdı. Amma bizim Ermənistanla 7,8 min kv.km-lik, Gürcüstanla isə 8,9 min kv.km-lik mübahisəli ərazi var idi. Bu mübahisəli ərazilər isə Qarabağla bağlı deyildi. Ermənistanla mübahisə Zəngəzurla bağlı idi. Sonda hər iki tərəf ordunu ordan çəkir. Azərbaycan tərəfi humanistlik etdi, ordunu çəkdi, erməni nəinki Zəngəzurdan qoşunu çəkdi, əlavə ordu gətirdi və əlavə müharibə vəziyyəti yarandı. Sonra da 1920-ci ilin aprelində ermənilər qiyam qaldırdı, əvvəlcədən danışıldığı kimi, ruslar gəldi, beləliklə, Azərbaycanın müstəqilliyinə son qoyuldu. Gümrü müqaviləsinə qədər erməniyə 9 min kv km ərazi verilmişdi. Ona görə də ermənilərin bugünkü iddiaları əsassızdır. Tarix boyu erməni harda olubsa, saxta iddialarla çıxış edib. Bir xalq ki deyə “Nuh da bizdən olub”, “biz o dövrdən gəlməyik, gəmimiz də Ağrı dağındadır”, əlbəttə, onun saxta iddialarda olduğu açıq-aşkardır.
- Bəs, belə olan təqdirdə ərazilərimizlə bağlı həqiqətləri beynəlxalq miqyasa çıxarmaq imkanımız nə qədərdir? Tarixçilər bu proseslərdə iştirak etməlidirlərmi?
- Əgər ermənilərin əlində bir faiz şans olsaydı, o xəritəni dünyanın hər yerinə yayardı. Niyə yaymır? Çünki o xəritə yoxdur. Tarixçilər üz-üzə oturanda erməni tarixçilər susurlar. Əllərində hansısa sənəd yoxdur. Sadəcə, kürsülərə qalxanda Türkiyəyə, türkə olan nifrəti ifadə etmək üçün ağzı köpüklənə-köpüklənə danışırlar. Azərbaycan-Ermənistan sərhədi ilə bağlı ermənilərin əlində heç nə yoxdur. Nə üçün yoxdur? Biz 1918-ci ilin mayında İrəvanı onlara paytaxt kimi vermişiksə, onda onun sərhədi harda ola bilərdi ki? Hər dəfə Tiflisə sərhəd danışıqlarına gedəndə danışıqlar pozulub. Bu xəritəni də nə biz təqdim eləmişik, nə də erməni, Çar Rusiyası tərtib edib və Cümhuriyyət dövründə Paris Sülh Konfransına göndərilən xəritədir.
- Bu gün Azərbaycan sərhədi hardan keçməlidir? Bu, bir faktdır ki, Zəngəzurun ilhaqı Azərbaycan Xalq Cümhuriyyətinin rus ordusu tərəfindən işğalından sonra, 1920-ci ilin dekabrında baş verib...
- Bu gün biz Qərbi Azərbaycana iddia edirik. Qərbi Azərbaycan tarixi torpaqlarımızdır. Qərbi Azərbaycanda bir dənə erməni toponimi olmayıb. Qərbi Azərbaycandan danışarkən bir fakta fikir verin. Zor Korkodyan adlı erməni tarixçinin “Naseleniye Armenii: 1831-1931" kitabı Moskvada çıxıb. Həmin kitabda yazır: “Birinci Dünya müharibəsi başlayanda Ermənistan ərazisində 565 min türk-müsəlman yaşayırdı. 1922-ci ildə Zaqafqaziya Federasiyası yaradılanda Ermənistan ərazisində 20 min türk qalmışdı". Sual olunur: 545 min türk hara getdi? Həmçinin kəndlər də məlum. Fevralda Təhqiqat Komissiyasının sənədlərində Zəngəzur ərazisi öyrənilib, bu kəndlərin hamısı Azərbaycan kəndləridir. Mən heç Azərbaycan tarixçilərinin yazdıqlarını demirəm, erməni tarixçidən sitat gətirirəm.
Azərbaycan dövlət başçısının çıxışı və Qərbi Azərbaycan İcmasının yaradılması ilə bağlı sərəncamı təsadüfi deyil, bunun kökləri var. Almaniya necə birləşdi? Tarixi torpaqları idi, birləşdilər. Şərqi Zəngəzur bizdədirsə, bəs Qərbi Zəngəzur niyə bizdə olmasın? Ora da Azərbaycan əraziləridir. Erməni bunun hamısını bilir, amma bütün bu tarixi həqiqətlərdən özünü qorumaq üçün vay-şivən qoparır, göz yaşı tökür.
- Anar müəllim, bu gün ermənilər Azərbaycanın Laçın yolunun girişində sərhəd-nəzarət məntəqəsi qurması ətrafında hay-küy qaldırıb. Amma 1918-ci ildə Azərbaycan sərhədi Göyçə gölündən keçirdi, elə deyilmi?
- Təbii. Əslində Göyçə gölünün əsas hissəsi bizim tərəfdəydi. Hələ o tərəfdə qalan kiçik hissə də mübahisəliydi. O zaman 3 dövlət öz müstəqilliyini elan edərkən deyirdilər ki, gələcəkdə vəziyyət ağırlaşsa, konfederasiya şəklində birləşəcəklər. Hətta 1919-cu ildə Denikinə qarşı mübarizədə Azərbaycan və Gürcüstan hərbi pakt imzaladı. Amma Ermənistan xəyanət etdi. Əvvəlki düşüncə bu idi: “Qafqaz Evi”. Bu, o demək idi ki, 3 Qafqaz respublikası bir yerdə olmalıdır ki, sülh, əminamanlıq olsun. Amma erməni bütün məsələlərdə həmişə Azərbaycana qarşı düşmənçilik edib.
- Bu da faktdır ki, Ermənistan indiyə qədər nələr qoparıbsa, qarşılığında hansısa sənədə imza atmayıb. Hətta İrəvanı güzəştə getməyimizlə bağlı imzalı sənəd də ortada yoxdur. Sizcə, niyə?
- Çox maraqlı sualdır. Qoy çox maraqlı da cavabı olsun. Axı gərək ciddi bir dövlət qurumu ola ki, bu dövlət qurumunun da iddiası, yaxud imzası ola. Ermənilərdə həmişə kilsə dövlətin bütün funksiyasını öz üzərinə götürüb. Eyni zamanda hansı dövlətin himayəsində olublarsa, o dövlətdən istifadə ediblər. Tarixə nəzər salaq: Osmanlı dönəmində erməni yalnız bir vəzifədə ola bilmədi - sultan vəzifəsində. Qalan nə vəzifə desən, daşıdı. Çar Rusiyasına və sovet dönəminə müraciət edək: erməni yalnız 1-ci katib ola bilmədi, qalan bütün vəzifələrdə oldu. Fransa, Cənubi Amerika tarixinə nəzər salaq, orda da hansı vəzifəyə diqqət etsəniz, erməni ordadır. Yəni erməni həmişə harda olubsa, o dövlətin daxilində öz xalqının maraqlarını güdə bilib. Dünyanın harasında olmasından asılı olmayaraq, erməni üçün erməniçilik və Ermənistan birincidir.
- Amma erməni kilsəsinin yerləşdiyi Üçkilsə də tarixi Azərbaycan torpağıdır...
- Təbii ki. Hətta o kilsənin torpaqları neçəyə alınıb, ona qədər bizim əlimizdə sənəd var. Amma çox təəssüflər olsun ki, Cahanşah dövründə o torpaqlar ermənilərə verildi. Bu gün İrəvanın özündə hər dəfə Azərbaycan televiziyalarının göstərdiyi məşhur ünvan var, ora azərbaycanlıların qəbiristanlığıdır. Çox ustalıqla o yeri alıblar, sonra qəbiristanlıq şumlanıb, artıq qəbiristanlıqdan əsər-əlamət qalmayıb.
- Necə bilirsiniz, bu dəfə, nəhayət, Ermənistanın hansısa sənəddə imzası olacaqmı, yoxsa yenə də sülh müqaviləsindən imtina edəcək?
- Əlbəttə. Azərbaycan dövlət başçısı çıxışlarının birində bu fikri səsləndirdi ki, zaman keçəcək, bizimlə Ermənistan arasında qonşuluq münasibətləri qurulacaq. Amma ermənilərin bizə qarşı etdiklərini biz bundan sonra heç vaxt yaddan çıxartmamalılyıq. Bu gün az qala dünya da bizimlə vuruşur, döyüşür, təzyiq edir, təhdid edir, amma bunların heç birinə məhəl qoymuruq. Çünki artıq erməni məkri bizə məlumdur. Erməni məkrinə güzəşt yoxdur. Odur ki, biz erməniçiliyin mahiyyətini dünyaya bəyan edirik. Dünya qəbul edər, ya etməz, öz işidir, amma biz buna əminik ki, sonradan bizə qonşu olan erməninin bir qonşu, bir insan, bir millət, bir dövlət kimi haqqı yoxdur.
- Bəs bu bölgədə əbədi yaşamağa necə, haqqı varmı?
- Qətiyyən! 1919-cu ilin iyulunda Qarabağdakı erməni icması ilə Cümhuriyyət hökuməti 20 maddədən ibarət müqavilə imzaladı. Müqavilənin şərti nə idi: Azərbaycan qanunlarını qəbul edirsənsə, burda qalırsan, qəbul etmirsənsə, yol göstərilirdi. Eynilə bu gün də biz bunu deyirik. Müstəqil Azərbaycan dövlətinin qanunlarını qəbul edirsənsə, Azərbaycan vətəndaşısan. Qəbul etmirsənsə, yollar açıqdır! Artıq erməni də bilir ki, bu dəfə güzəşt olmayacaq. Axı, tarix boyunca çoxsaylı güzəştlərimiz oldu. Hər dəfə dedilər ki, bir də belə olmayacaq. Amma heç bir vədə əməl olunmadı. Bu gün sərt, ədalətli dövlət siyasəti var. Dövlət siyasətində mərhəmət, göz yaşı olmamalıdır.
- Həm də Qarabağdakı 10 minlik terrorçu orduya Androniki xatırlatmaq lazımdır, elə deyilmi?
- Əlbəttə ki. Mən sizi əmin edirəm, Şuşaya necə rahat gedə biliriksə, digər ərazilərə də sərbəst gedə biləcəyik. 2023-cü il Xankəndi, Xocalı ilidir! Çünki Azərbaycanın geri çəkilməyə yeri yoxdur. Azərbaycan 44 günlük savaşda əmin oldu ki, nə varsa, öndə var, xalq bunu istəyir, bunu arzulayır! Xalq demir ki, “bəsdir”. Yox, bəs deyil, hələ Qərbi Azərbaycan var!
- Belə başa düşdüm ki, tanınmış tarixçimiz Göyçə gölündə əllərini yumaq istəyir...
- 1980-ci ildə 3 ay ki orda olmuşam, bəli, Allahdan arzu edirəm, bir daha Göyçə gölünün sahilində olum. Mən o gölü də, onun tarixini də çox gözəl bilirəm. Bir də o gölün sahilində onun tarixini xatırlamaqdan şirin nə ola bilər? Heç nə.
- Tarixçilərimizdən, arxeoloqlarımızdan ibarət ekspedisiya qrupu təşkilatlanaraq beynəlxalq təşkilatlara “biz Qərbi Azərbaycana səfər etmək istəyirik” müraciəti edə bilməzmi? Tarixi irsimizin araşdırılması məqsədilə...
- Qərbi Azərbaycanla bağlı hər gün yeni iddialarımızı, istəklərimiz və rellaşdıra bildiyimiz nəticələrimiz var. Bu istiqamətdə də işlər gedir. Azərbaycanın haqq işi qələbə ilə başa çatdırılacaq, onu heç kim dayandıra bilməz. Hamının fikri odur ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Böyük Azərbaycan o şəkildə qurulmalıdır ki, biz onunla fəxr edək. Biz o iddiada deyilik ki, Səfərvilər dövründəki Amu-Dəryadan, Dəclə-Fərat-Gürcüstanadək olan əraziləri geri qaytaraq. Biz o iddiadayıq ki, bizə Cümhuriyyətimizdən miras qalan 114 min kv.km-lik ərazilərimizə sahiblənək. O tarixi torpaqlarımızda biz olmadan başqa kimsə yaşaya bilməz! O torpaqlarda Azərbaycan bayrağı ucalmalıdır ki, onun altında kim istəyir, gəlib yaşasın, Azərbaycan tolerant ölkədir. Amma bunun üçün Azərbaycan qanunlarını qəbul etməlidir.
- Ermənistan son 105 ildə hər zaman şərtləri pozduğu üçün hələlik 9 min kv.km-lik ərazi bəsidir, eləmi?
- Ümumiyyətlə, gəlmə xalqlarla bağlı məsələ belədir: əgər gəldikləri əraziyə qan-qada gətirirlərsə, orda olmasalar, daha yaxşıdır. Amma bizim dəyərlərimizdə qan, qəddarlıq yoxdur, humanistlik, xeyirxahlıq var. Ermənilərin bizə qarşı törətdiklərinin iki səhifəsini belə, heç bir ədalətli insan axıra kimi oxuya bilməz. 1918-ci ildə Bakıda, 1992-ci ildə Xocalıda törətdiklərini... Bunu ancaq vəhşi, heyvani hisslərlə yaşayan canlılar edə bilərdi. Ona görə də biz artıq tarixdən ibrət götürmüşük. Azərbaycan bir daha nə erməninin göz yaşına inanandır, nə də göz yaşı əsasında qərar qəbul edən deyil! Daha bəsdir!