Siyasət 30 Mart 2023, 16:30 | Baxış sayı: 208
"Azərbaycanın İsraildə səfirliyinin açılması tarixi hadisədir"

"Azərbaycan Respublikası demokratik bir dövlətdir. Dövlətimiz öz müstəqilliyini bərpa edəndən sonra ağrılı və çətin illər yaşayıb. Bu illər ərzində torpaqlarımız işğal olunub. Bir milyon azərbaycanlı qaçqın və köçkün yaşayıb. Bu illər ərzində Azərbaycan dostunu və dost olmayanı tanıyıb". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, tarixçi-alim Anar İsgəndərov deyib.  

Deputat bildirib ki, Azərbaycan bu illər ərzində haqqı müdafiə edən dövlətləri və haqqı inkar edən dövlətləri tanıyıb: 

Ona görə də, Azərbaycanın bu gün İsrail dövlətində səfirliyinin açılması tarixi bir hadisədir və qanunauyğundur. Çünki birinci Azərbaycanı İsraillə bağlayan tellər var. O tellərdən biri də tarix boyu Azərbaycan torpaqlarında yəhudi əsilli insanlar yaşayır, o insanlar da azərbaycanlılardan dostluq, əmin-amanlıq, səmimiyyət görüb. Ən çətin məqamlarda da bu iki xalq bir yerdə olub. Hətta, 1918-ci ilin mart günlərində Qubada azərbaycanlı və yəhudi xalqı ermənilərə qarşı birləşə bildilər, bir yerdə mübarizə apardılar. 

44 günlük müharibədə də biz İsrail dövlətini haqqı müdafiə edən kimi tanıdıq heç bir dövlətdən çəkinmədən. Ona görə də bu gün İsraildə səfirliyimizin açılmasını bir parlament üzvü kimi yüksək dəyərləndirirəm. 

Ümid edirəm ki, bu iki dövlət arasındakı münasibətlərin daha da inkişafına səbəb olacaq. Azərbaycan o dövlətləri ədalətli sayır ki,  o dövlətlər Ermənistanın Azərbaycana təcavüzünü təcavüz kimi qiymətləndirə bilsinlər. Azərbaycan torpaqlarına olan təcavüzü işğal kimi qiymətləndirə bilsinlər və Qarabağa münasibətdə Azərbaycanın haqq işini bəyan etməkdə birmənalı mövqe sərgiləsinlər"

Xəbərlər