Siyasət 11 İyul 2023, 16:03 | Baxış sayı: 176
“Azərbaycanı kontrabanda yuvasına çevirmək istəyirlər”

“Beynəlxalq Qırmızı Xaç Komitəsi dünyada necə imic qazanıb? Əvvəllər biz bu təşkilatla bağlı nələr eşidirdik? Yaralılara, humanitar qayğıya ehtiyacı olanlara, məhkumlara, əsir düşənlərə, mina təhlükəsilə üzləşənlərə insani yardımlar göstərirdilər. Ermənistan işğalçı, Azərbaycan isə vaxtilə işğala məruz qalmış dövlətdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin borcu nədir? Məsələyə tərəfsiz yanaşmaq, münasibət bildirməmək, sadəcə humanitar yardımlar göstərmək. Təəssüf ki, bu illər ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı mənfi məqamların şahidi olduq”. 

Bu fikirləri açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağda növbəti qanunsuz fəaliyyətindan danışan deputat Anar İsgəndərov bildirib. 

O deyib ki, təşkilat işğalçı Ermənistanı müdafiə edir, lakin işğala məruz qalmış Azərbaycanın haqlı mövqeyilə bağlı bir cümlə belə demir: 

“Sanki, laldır, kardır, kordur. Və ən əsası 44 günlük müharibədən sonra nə gördük? Qırmızı Xaç nəyin bahasına olursa olsun, Azərbaycan torpağına erməni diversantları keçirməyə cəhd göstərir, bunu özü üçün qəhrəmanlıq sayır. Ona görə də bu gün Dövlət Sərhəd Xidmətinin bu təşkilatla bağlı qərarını bir vətəndaş olaraq təqdir edirəm. Bu, dövlətin təhlükəsizliyi üçün atılmış addımdır. Biz qalib xalqıq. Qalib dövlətin dedikləri diqtə olunur. Xoşbəxtik ki, dövlətimizin diqtə etdiyi ədalətdir, sülhdür”. 

A.İsgəndərov vurğulayıb ki, ədalətsizliyi bayraq edən bir təşkilatın Azərbaycan ərazisində fəaliyyətinin məhdudlaşdırılması yerində verilmiş bir qərardır:

“Bu gün bəzi sənədlərlə tanış oldum. Dəhşətdir... Qaçaq malların siyahısında nələr yox idi... Telefonlar, adapterlər, siqaretlər... Açıqlanmayan digər əşyalar da ola bilər. Silah-sursatın olduğunu da istisna edə bilmərik. Nəyin bahasına olur olsun, Azərbaycan ərazisini kontrabanda yuvasına çevirmək istəyirlər. Demokratik ənənələr malik olan Azərbaycanın ədalətli qanunları var. Bu təşkilat xalqların marağına deyil, öz maraqlarına və ermənilərin məkrli oyunlarına xidmət edirsə onun ölkəmizdə yeri olmamalıdır”.

demokrat.az
 

Xəbərlər