Cəmiyyət 24 Avqust 2023, 17:37 | Baxış sayı: 122
“Yazıqların pulu yoxdur, ailə qura bilmir, hələ bir vergi də verməlidir?”

Milli Məclisin deputatı Tahir Kərimlinin “30 yaşdan yuxarı ailə qurmayan vətəndaşlar dövlətə vergi ödəməlidir” fikri sərt reaksiyalara səbəb oldu.

Verdiyi açıqlamadan sonra sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən deputat bir müddət sonra yayılan qalmaqallı xəbərlərə aydınlıq gətirib. O, bu ifadələri işlətmədiyini, haqqında yazılanların tamamilə yalan olduğunu açıqlayıb:

"Mən belə bir fikir yaymadığım halda müxtəlif media orqanları haqqımda yalan məlumatlar yayırlar ki, guya mən bu təkliflə çıxış etmişəm. Bu, tamamilə yalandır və məni xalqın gözündən salmaq üçün edilir. Xahiş edirəm, bu xəbərlərə inanmayasınız".

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbas bildirib ki, son vaxtlar millət vəkillərinə qarşı hücumların sayı artıb:

"Bu gün sosial şəbəkələr, müəyyən saytlar oxucu yığmaq, ara qarışdırmaq üçün bu cür yollara əl atırlar, onlar deputatların adından söyləmədikləri fikirləri yazır və başlığa çıxarırlar. 

Bir müddət əvvəl Siyavuş Novruzovun da adından bəzi fikirlər yaymışdılar, hansı ki, o fikirlər Siyavuşa aid deyildi. Mən onu şəxsən tanıdığım üçün bunu əminliklə deyə bilirəm. Yaxud Razi Nurullayevin adından demədiyi fikirləri tez-tez yayımlayırlar. Hərdən elə şeylər yazırlar ki, oxuyanda mən bilirəm ki, bu adamlar heç vaxt belə söz deyə bilməz.

Ümumiyyətlə, son vaxtlar deputatlara qarşı hücumlar, trollar artıb. Bəzən mənə qarşı da bu cür hücumlar ediblər, demədiyim sözləri manşet edərək tirajlayıblar".

O, həmkarı T.Kərimlinin heç vaxt belə fikirlər səsləndirməyəcəyinə əmin olduğunu deyib:

"Tahir müəllim həyatı boyu belə söz deməz, özü də o, hüquqşünasdır. Düzdür, belə bir vergi Sovet dövründə var idi, amma indiki dövrdə bunu etmək mümkünsüzdür. O vaxt uşaqpulu anlayışı var idi və evlənməyənlərin maaşından uşaqpulu tuturdular. Bunu ona görə edirdilər ki, gənclər ailə qursunlar. Hətta qadınlardan da bu vergi tutulurdu. Daha sonra Nikita Xruşşov hakimiyyətə gələndən sonra qadınlardan tutulan "subaylıq vergisi"ni ləğv etdi ki, bu qadını bəlkə alan yoxdur, nə etsin?

Amma indiki zamanda belə vergi tutmaq olmaz. Evlənmirəmsə, niyə cərimə ödəməliyəm?! İndiki dövrdə evlənmək asan məsələ deyil. Elə gənclərin pulu olsa, evlənər də, niyə subay gəzsin? Yazıqların pulu yoxdur, ailə qura bilmir, hələ bir vergi də verməlidirlər? Heç vaxt inanmaram ki, Tahir Kərimli kimi bir adam belə təklif verə".

A.Abbas bu cür xəbərlərin heç də təsadüfi olmadığını, arxasında kimlərinsə dayandığını iddia edib:

"Bu qədər saxta məlumat təsadüfi şəkildə yayılmır, saytlar bunu təkcə oxunma sayını artırmaq üçün etmir. Bunun arxasında kimlərsə var. Həmin şəxslər birdən-birə kimisə nişana alır və başlayırlar onu "vurmağa". Necə ki, bir müddətdir ki, Xalq artisti Rasim Balayev nişana alıblar. Aktyora qarşı hücumlar hələ də davam edir, dayanmaq bilmir. Eyni hal deputatlarda da baş verir. Bununla mübarizə aparmaq çox çətindir. Mediada hər gördüyünü dəqiqləşdirmədən tirajlamaq da düzgün deyil, peşə sahiblərinin adamlıqları, peşə etikaları olmalıdır".

yenisabah.az

Xəbərlər