Cəmiyyət 30 Avqust 2022, 14:48 | Baxış sayı: 158
"Xankəndidə hərbi əməliyyatların keçirilməsinə heç bir ehtiyac yoxdur".

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun psixoloji-mənəvi üstünlüyü nəticəsində, Xankəndini götürmək üçün heç bir maneə yox idi: "Onsuz da Xankəndi müharibə dövründə boşalmışdı, az sayda mülki əhali qalmışdı. Lakin siyasi baxımdan Azərbaycan Ordusunun Xankəndinə girməsi beynəlxalq birlik tərəfindən çox ciddi reaksiyalarla qarşılana bilərdi. Çünki biz bir dövlət olaraq zaman-zaman Qarabağ ərazisində yaşayan erməniləri öz vətəndaşlarımız hesab etmişik. Azərbaycan qanunlarına riayət etdikləri, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri, dövlət atributlarını qəbul etdikləri halda onların burada yaşamaları üçün bütün şərait yaradılacaq. Cənab Ali Baş Komandan Vətən Müharibəsində uzaqgörən, strateji baxımdan ən əhəmiyyətli qərarlardan birini verdi. Tarix göstərdi ki, bu, doğru addım oldu və biz Xankəndinə girmədik”.

 

Deputat həmçinin bildirib ki, Azərbaycan Ordusu təkcə Qarabağ ətrafındakı yüksəklikləri deyil, bütövlükdə Ermənistanla sərhəddə olan bütün strateji yüksəklikləri ələ keçirib, düşməndən azad edib: “Hesab edirəm, indiki şəraitdə hamı bunu qəbul edir. Xankəndidə hərbi əməliyyatların keçirilməsi çox rahat şəkildə mümkündür. Lakin buna heç bir ehtiyac yoxdur. Bununla özümüzə qarşı əlavə düşmən qüvvələrin baş qaldırması üçün şərait yaratmış olarıq. Zamana bağlı məsələdir. Ərazinin perspektivi olmadığına görə zaman gələcək erməni separatçıları özləri Xankəndini tərk edəcəklər. Kimlərsə zamanında cənab Prezidentin təklif etdiyi şərtlərlə qanunvericiliyimizi qəbul edəcəklərsə, buyursunlar. Tarixi şans yaranıb, bundan istifadə etsinlər. Kimlərsə revanşist əhval-ruhiyyə, hansısa xarici qüvvələrin təsiri, erməni diasporunun xəstə illuziyaları ilə yaşayacaqsa, onların heç bir perspektivi yoxdur. Zaman onları sıradan çıxardacaq. Azərbaycan dövlətçiliyi əleyhinə gedəcəklərsə, Cinayət Məcəlləsinə uyğun şəkildə öz cəzalarına çatacaqlar. Hesab edirəm ki, hadisələri qabaqlamaq bizim xeyrimizə olmaz. Zamana buraxmaq lazımdır. Zaman hər şeyi öz yerinə qoyur. Azərbaycan dövləti, Prezidenti mərhələli şəkildə Azərbaycan xalqının maraqlarına uyğun addımlar atır. Burada yanlışlığa yol vermək olmaz. Dünya o qədər kiçilib ki, indiki halda dünyanın bir başında baş verən hadisələr, proseslər digər nöqtəsində bilavasitə özünü bu və ya digər halda göstərir. Bu baxımdan, çox ölçülüb-biçilmiş, ağıllı siyasət aparılmalıdır və Azərbaycan dövləti, hökuməti də bu siyasəti aparır”.

Mənbə: Pravda.az

Xəbərlər