Siyasət 2 Oktyabr 2023, 15:09 | Baxış sayı: 201
"Ola bilsin, məqsədli şəkildə ermənilərin köçünü təşkil edirlər ki, sonradan Azərbaycanı etnik təmizləmədə günahlandırsınlar"

“Erməni əhalisinin Qarabağdan çıxmasına Azərbaycan hansısa şərait yaratmır. Azərbaycanın hüquq-mühafizə orqanları, nəzarət-buraxılış məntəqəsində xidmət edən əsgərlərimiz sadəcə maneə törətmirlər. Laçın postundan keçən erməni sakinləri jurnalistlərin suallarına verdikləri cavablarda bildirirlər ki, ancaq özləri və konkret olaraq kimlərinsə tapşırıqları ilə köçürlər. Fransanın təhriki ilə BMT-nin Təhlükəsizlik Şurasında yenidən dinləmələrin keçiriləcəyi ilə bağlı məlumatlar var. Ola bilsin, məqsədli şəkildə ermənilərin köçünü təşkil edirlər ki, sonradan Azərbaycanı etnik təmizləmədə günahlandırsınlar. Ermənistandan belə bir addım gözlənilə bilər. Əgər bu addımı atacaqlarsa, bu, Ermənistan tərəfindən cılız davranış olar”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin üzvü Nəsib Məhəməliyev deyib. 

 

Deputat vurğulayıb ki, Azərbaycan heç bir halda ermənilərin Qarabağdan çıxarılmasında maraqlı deyil: “Cənab Prezident tərəfindən dəfələrlə bəyan edilib ki, Qarabağda yaşayan ermənilərin bütün hüquqlarını, təhlükəsizliklərini qorumağa hazırıq. Hesab edirik ki, onların yaşayışı indiyə qədər olan dövrdəkindən daha yaxşı olacaq. Seçim isə özlərinindir. Onları məcburi şəkildə Qarabağda saxlaya bilmərik. Ermənilərin Qarabağda qalmalarında, yaxud sonradan geri qayıtmalarında heç bir problem yoxdur. Azərbaycan xalqı tolerant xalqdır. Digər etnik millətlərə göstərilən diqqətlə, birgəyaşayış qaydalarına uyğun yaşayışla ermənilər də təmin olunacaqlar. Ermənilər tarixin acı nəticələrindən doğru-dürüst dərs çıxarmalıdırlar ki, bir daha separatçılığa yol verməsinlər, qonşularla düzgün davransınlar”.

pravda.az

Xəbərlər