Siyasət 12 Sentyabr 2023, 17:15 | Baxış sayı: 75
"Prezident İlham Əliyev təzyiqlərə, şantaj kampaniyasına baxmayaraq siyasətini ağıllı şəkildə, səbirlə, təmkinlə həyata keçirir"

“33 ildən sonra Ağdam-Xankəndi yolunun açılması olduqca əlamətdar tarixi hadisədir, Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin apardığı siyasətin qələbəsidir. Bu, bir başlanğıcdır. Düşünürəm, bundan sonra Azərbaycanın Qarabağ iqtisadi rayonu istiqamətində yüklərin daşınmasında heç bir problem olmayacaq. Hətta olsa belə, Azərbaycan dövləti kifayət qədər potensiala malikdir ki, o çətinliklərin də öhdəsindən gəlsin. Uzun illər düşmənçilikdən sonra reinteqrasiya prosesi olduqca ağrılı keçir. Burada xarici qüvvələrin, Ermənistan dövlətinin, hökumətinin, siyasi hakimiyyətinin, Ermənistan cəmiyyətində mövcud olan daşnak-millətçi kəsimin, keçmiş kriminal “Qarabağ klanı”nın çox ciddi təsirləri var. Onlar ağır məğlubiyyətlə barışmaq istəmirlər. Maksimum cəhdlər göstərirlər ki, hansısa vasitə ilə Qarabağın statusuna nail olsunlar. “Genosid”, “soyqırımı”, “humanitar böhran” adı altında dünya ictimaiyyəti qarşısında şourlar göstərmək, ağlaşma qurmaq, lobbi, diaspor təşkilatlarını bu ideya ətrafında birləşdirmək yalnız bir məqsəd güdür - sadəcə, diqqəti Qarabağda yaşayan o erməni separatçı tayfanın üzərinə yönəltmək və dırnaqarası ən qədim qaraçı tayfasını guya xilas etmək. “Amandır, azərbaycanlılar hansısa formada ermənilərin Qarabağdan təmizlənməsinə çalışıb...” Təbii ki, ciddi siyasətçilər bunu qəbul etmir”. 

 

Bu sözləri müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib. 

Deputat Rusiya Qızıl Xaç Cəmiyyətinə mənsub yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasına da münasibət bildirib: “Fərq etməz, bu, Rusiya Qızıl Xaç Cəmiyyəti, yaxud digər beynəlxalq təşkilar vasitəsilə həyata keçirildi. Əsas məqsəd budur ki, yüklərin daşınması prosesi məhz Azərbaycan ərazisindən baş verdi. Beynəlxalq ictimaiyyət görməlidir ki, Ağdam-Xankəndi yolu işləkdir, ən qısa, ələlxüsus, qış mövsümündə belə ən rahat yoldur. Burada hansısa “humanitar böhran”dan söhbət gedə bilməz. Beynəlxalq ictimaiyyət bunu da görməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Öz suveren ərazilərində öz qanunvericiliyini tətbiq etmək iqtidarındadır. İnanıram ki, bütün beynəlxalq şoulara, təzyiqlərə baxmayaraq Azərbaycan dövləti öz siyasətini aparacaq və heç bir halda yenidən Qarabağda - Azərbaycanın göbəyində separatçılıq toxumlarının səpilməsinə, erməni-daşnak separatçılarına, nillətçilərinə, insanlığa yad ünsürlərə yenidən təşkilatlanmağa, Azərbaycanla silah, güc yolu ilə danışmağa imkan verməyəcək. Biz bu yolda qətiyyətlə addımlayırıq və inanıram ki, addımlayacağıq. Yaxın zamanlarda Xankəndində, ermənilərin məskunlaşdığı Qarabağ torpaqlarında Azərbaycan bayraqlarının asıldığını görəcək, bu separatizmə birdəfəlik son qoyacağıq. Xalqımızı təbrik edirəm, inanıram ki, bu qələbədən də sonra yeni-yeni qələbələrin şahidi olacağıq. Azərbaycan dövləti şərəfli tarix səhifələri yazmaqda davam edir. Bu, olduqca xoş bir haldır. Xalqımız tərəfindən müsbət qarşılanır, qiymətləndirilir. Bu, o deməkdir ki, Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev istənilən təzyiqlərə, böhtanlara, şantaj kampaniyasına baxmayaraq öz siyasətini ağıllı şəkildə, səbirlə, təmkinlə həyata keçirir. Bu, bizi sevindirir”.

pravda.az

Xəbərlər