Siyasət 19 Sentyabr 2023, 16:42 | Baxış sayı: 138
"Azərbaycan Qarabağdakı erməni separatçıları ilə bağlı problemi birdəfəlik həll edəcək"

“Azərbaycanın Qarabağ bölgəsində cinayətkarlıqla mübarizə aparması təbiidir və zamanın tələbidir. Müharibədən 3 ilə yaxın müddət keçməsinə baxmayaraq erməni separatçıları daim müxtəlif təxribatlarla məşğul olublar. Hətta silahlı təxribatlar törədir, minaların basdırılması ilə məşğuldurlar. Təxminən, 200-dən artıq vətəndaşımız təkcə müharibədən sonra həyatını itirib və ya xəsarət alıb. Sentyabrın 18-də baş vermiş hadisələrdə polis işçilərimizin, mülki vətəndaşlarımızın həlak olması erməni planlarının açıq şəkildə göstəricisidir. Separatçılar, daşnak-millətçi kəsimi birgəyaşayış qaydalarına, sülh danışıqlarına getmək istəmirlər, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin qarşısını alırlar. Hətta Qarabağ ərazisində yaşayan kifayət qədər sadə erməni vətəndaşları var ki, onlar Azərbaycanla münasibətlərin normallaşmasında açıq şəkildə maraqlı olduqlarını, müharibədən yorulduqlarını bildirirlər. Ancaq onları qorxu, müəyyən təhlükə altında saxlayan daşnak separatçıları, təbii ki, öz şəxsi maraqlarına uyğun şəkildə bunun qarşısını alırlar. Belə vəziyyət dözülməzdir”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, ermənilərin xaricdən himayədarlıq edən qüvvələr sayəsində yenidən təşkilatlanmasına, silahlanmasına, Azərbaycan ərazisində yeni terror əməliyyatları təşkil etmələrinə  artıq imkan verə bilmərik: “Daha doğrusu, Azərbaycan dövləti olaraq yenidən ciddi silahlı qarşıdurmalara səbəb olmalarına imkan verməməliyik. Ermənilərin təxribatlarının qarşısını qətiyyətlə almalı, bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Hesab edirəm ki, Azərbaycan Qarabağdakı erməni separatçılarına qarşı öz konstitusion hüquqlarını yerinə yetirəcək və bu problemi birdəfəlik həll edəcək. Silahlı Qüvvələrimizin kontingentinə, hüquq-mühafizə orqanlarına uğurlar arzu edirəm. Arzu edirəm ki, tezliklə Azərbycanda sabit və təhlükəsiz cəmiyyətin qurulmasının şahidi olacağıq”. 

pravda.az

 

Xəbərlər