Siyasət 1 Sentyabr 2022, 12:06 | Baxış sayı: 175
"Xalqlarımız sülh baryerini aşmalı, düşmənçiliyi gələcək nəsillərə saxlamamalıdır".

Milli Məclisin deputatı Nəsib Məhəməliyev avqustun 31-i keçirilən Brüssel görüşü haqqında bunları deyib: "Diqqət çəkən əsas məqamlardan biri, xarici işlər nazirlərinin bir ay ərzində sülh sazişi layihəsinin mətni  üzərində iş aparılması üçün işçi qruplarının yaradılmasıdır. Sərhədlərin delimitasiya, demarkasiya proseslərinə başlanılmasıdır. Digər məqam isə, ilk dəfə erməni və azərbaycan xalqlarının sülhə, barışığa hazırlanması barədə çağırışların səslənməsidir. Etiraf etmək lazımdır ki, bu, olduqca ağır, psixoloji baxımdan mürəkkəb prosesdir. Ancaq, düşünürəm ki, nə qədər çətin olsa da, xalqlarımız bu baryeri aşmalı, düşmənçiliyi gələcək nəsillərə saxlamamalıdır. Son 30 ildə baş verənlərdən sonra dostluq münasibətlərinin yaranması qeyri-mümkündür. Lakin əməkdaşlığa, birgə yaşayışa məhkumuq.

 

Deputat həmçinin Azərbaycanın dördüncü Brüssel görüşünə həm hərbi, həm də siyasi baxımdan üstün tərəf kimi yollandığını vurğulayıb: "Danışıqlar, daha əvvəl Azərbaycan Prezidentinin irəli sürdüyü  beş prinsip üzərində, beynəlxalq hüququn normalarına uyğun  keçirildi. Bütün bunlar isə, o deməkdir ki, ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyəti getdikcə artmaqdadır və etibarlı, önəmli tərəfdaşdır. Bir məsələni qeyd etməyi özümə borc bilirəm. Təbii, belə görüşlərin əhəmiyyəti olduqca böyükdür. Ancaq, biz dəfələrlə şahid olmuşuq ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu da onun müstəqil dövlət olmamasından, Ermənistan siyasətinə xarici güclərin təsirindən  irəli gəlir. Böyük ehtimal ki, bu görüşdən sonra da Paşinyan ağalarının yanına qaçacaq, müxtəlif bəhanələrlə prosesi ləngidəcəkdir. Yaxşı olar ki, qatar stansiyanı tərk etməmiş, öz müəllimi, Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın tarixi sözlərini yadına salsın. Yoxsa bu dəfə də gec olacaq. O zaman neft, qaz kəmərləri əldən çıxdı, daha sonra Qarabağ işğaldan azad oldu. İndi isə, kommunikasiyalardan məhrum ola bilər”.

Xəbərlər