"Xalq artisti Ramiz Novruzla vida mərasiminin keçirilməməsi və cəmiyyətdə yaranan narazılıqla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq”
"Xalq artisti Ramiz Novruzla vida mərasiminin keçirilməməsi və cəmiyyətdə yaranan narazılıqla bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Aqil Abbas deyib. Deputatın sözlərinə görə, müzakirədən sonra Qənirə Paşayeva Mədəniyyət Nazirliyinə məktub ünvanlayacaq:
"Qənirə xanımla bu məsələni komitənin iclasında qaldıracağıq. Dünyasını dəyişən sənətkarlar ən azı "Aktyorlar evi”ndən götürülməlidir. O ki qaldı aktyorun harada dəfn olunması, bu mərhumun ailəsi ilə Mədəniyyət Nazirliyi arasında həll olunacaq məsələdir”.
Aqil Abbas hesab edir ki, mərhum Ramiz Novruzu İkinci Fəxri Xiyabanda dəfn olunacaq aktyor idi: "Onu orada dəfn etmək olardı. Mədəniyyət nazirini təzə qoyublar, heç olmasa nazirliyin nümayəndəsi Ramiz Novruzla vida mərasiminə qatılmalı idi. Onlar dəfndə iştirak etməyə borclu idilər”.
Mədəniyyət Nazirliyinin əməkdaşlarının vida mərasimində iştirak etdikləri ilə bağlı açıqlamalara gəlincə, Aqil Abbas deyir ki, vaxtında həllini tapmayan məsələ sonra narazılığa səbəb olur: "Nə vaxt gəliblər? Dəfn edilib qayıdandan sonra? Vaxtında gəlmək lazımdır ki, söz-söhbət olmasın. Mədəniyyət naziri təzədir, güman edirəm olanlarla maraqlanacaq”.