Cəmiyyət 26 İyul 2022, 18:07 | Baxış sayı: 212
"Vətəndaşa mülkiyyəti, şəxsi əmlakı kimi yanaşan kifayət qədər məmur var".

“Bu gün Cənab Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul etdi, onlara öz tövsiyə və tapşırıqlarını açıq, şəffaf şəkildə ictimaiyyət qarşısında verdi. Cənab Prezident tək icra başçılarına yox, eyni zamanda əhaliyə, ictimaiyyətə müraciət etdi. Konkret rüşvətxorluğun, korrupsiyanın, məmur özbaşınalığının, xalqı narazı salan digər elementlərin olmaması barədə ciddi tapşırıqlar verdi. Dövlət başçısı yeni təyin olunmuş icra başçılarının vəzifə borclarını hansı istiqamətdə həyata keçirmələri, ən əsası kəndlərdə, yaşayış məntəqələrində əhalinin bütün təbəqələri ilə görüşlər keçirmələri, sıx təmasda olmaları, sosial-iqtisadi problemləri müəyyənləşdirmələri məsələsinə diqqət çəkdi. Bildirdi ki, elə məsələlər var, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. İcra başçıları bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlara müraciət etməlidirlər ki, problemlər həllini tapsın. Cənab İlham Əliyev cəmiyyətdə mövcud olan neqativ elementlərin tam aradan qaldırılmasını da vurğuladı. Xüsusi olaraq bildirdi ki, Azərbaycanın inkişaf etdiyi, Qarabağ kimi çətin bir problemi həll etdiyi dönəmdə qələbəmizə hansısa ayrı-ayrı məmurların şəxsi maraqlarına uyğun şəkildə kölgə salmalarına imkan vermək olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, bu məsələlər əhəmiyyətli dərəcədə kökündən dəyişməlidir: “Məmur-vətəndaş münasibətləri tənzimlənməlidir. İmkan vermək olmaz ki, vətəndaş məmurdan narazı qalsın. Çox təəssüf ki, hələ də köhnə ab-hava ilə, təfəkkürlə sahibkarlığın, biznesin qarşısını alan, insanların hüquqlarına kobudcasına müdaxilə edən, vətəndaşa mülkiyyəti, şəxsi əmlakı kimi yanaşan kifayət qədər məmur var. Bütün bunlar, təbii ki, bütövlükdə xalq, cəmiyyət, sağlam qüvvələr tərəfindən birlikdə aradan qaldırılmalıdır. Belə məmurların fəaliyyətindən narazı qalan vətəndaş, bilavasitə dövlətdən narazı düşür. Bu, yolverilməzdir. Hər bir vətəndaşın qayğısı diqqət mərkəzində olmalıdır. Sağlam cəmiyyət formalaşdırılmalı, mənəvi saflığa yönəlik addımlar atılmalıdır. Azərbaycan cəmiyyətinin hər bir üzvü özünü tamhüquqlu, müdafiə olunmuş fərd kimi hiss etməlidir. Cəmiyyətdəki gərginliklər aradan qaldırılmalıdır. Bunun üçün bütün imkanlar mövcuddur.  Azərbaycan xalqının potensialı, dövlət başçımızın siyasi iradəsi var. Hesab edirəm, bütün bunlar cəmiyyətin milli birliyinə, dövlətin maraqlarının inkişafına yönəldilməlidir”.

Xəbərlər