"Vaqif Xaçaturyan üzərində məhkəmə açıq şəkildə, onlayn aparılsın"
“Paris şəhərinin meri Ann İdalqonun başçılıq etdiyi təxribat kolonu Azərbaycan Respublikasının Laçın rayonu ərazisində dövlət sərhədlərinə çatdı. Mer vəzifəsi yerli özünüidarəetmə orqanının başçısı deməkdir və heç bir halda dövlətin xarici siyasəti ilə məşğul ola bilməz. Xanım İdalqo isə son zamanlar siyasi lozunqlarla çıxış edir, beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqla suveren dövlətin ərazi bütövlüyünə hörmət etmir. “Sarsax” xalqına “humanitar yardım” adı altında bölgədə separatçılığı qızışdırır. Ən acınacaqlısı isə budur ki, yerli ermənilərlə görüşdə öz başından qat-qat böyük vədlər verir. 90-cı illərin əvvəllərində mülki Azərbaycan vətəndaşlarına ən ağır, şiddətli işgəncələr verməsi ilə məşhurlaşmış Vaqif Xaçaturyan adlı caninin qızını öpür-qucaqlayır, söz verir ki, sənin atanı azad etdirəcəyəm”.
Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.
Deputat hüquq-mühafizə orqanlarına səslənib:
“Mən bir vətəndaş olaraq hüquq-mühafizə orqanlarımızdan xahiş edirəm ki, bu insan qatillərinin “qəhrəmanlıqlarını” əks etdirən maddi sübutları xanım İdalqoya göndərsinlər. Ümumiyyətlə, təklif edirəm ki, Vaqif Xaçaturyan üzərində məhkəmə açıq şəkildə, onlayn rejimdə aparılsın və ora erməni cəlladlarına xüsusi sevgiləri ilə seçilən ölkələrin nümayəndələri dəvət olunsun. İkincisi, 30 illik işğal dövründə ermənilərin Azərbaycan şəhərlərini, kəndlərini, tarixi, dini, mədəni abidələrini, qəbiristanlıqlarını, meşələrini yerlə-yeksan etdiklərini göstərən video görüntüləri, Zori Balayanın kitablarını sistemləşdirib Makron başda olmaqla cəmi erməni sevdalılara göndərilsin. Oxuyub feyziyab olsunlar. Xanım mer, sən kimsən ki, qatili, cəlladı azad etdirirsən? Kimsən ki yüzlərlə günahsız insanın həyatını məhv edən cəlladı buraxdırırsan? Həyat bumeranqdır. Qətiyyən şübhə etmə, zaman gələcək sən və sənin kimilər bədəlini ödəyəcəklər”.
pravda.az