Siyasət 7 Fevral 2023, 11:20 | Baxış sayı: 152
“Vacib məsələlərdən biri də azərbaycançılıq ideologiyasını mənimsəyən şəxsiyyətlərin formalaşdırılmasıdır”

Aydın Hüseynov: “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər”

1997-ci ildən Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Gənclərin milli, vətənprəvər ruhda tərbiyələnməsində isə azərbaycançılıq ideologiyası əhəmiyyətli yer tutur. Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir.

Çünki azərbaycançılıq ideologiyası məhz Ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun kəsb edərək mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası Ümummilli liderin dövründə və ondan sonrakı illərdə tədricən mükəmməl bir konsepsiyaya çevrilərək bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, gənclərin milli birlik platforması rolunu oynamağa başladı. Milli Məclisin üzvü Aydın Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər Ulu öndər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun zamanında ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə-dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi: “Ulu öndər Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz ilk növbədə bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik.

Təsadüfi deyil ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması azərbaycançılıq ideologiyasının təməl prinsiplərindəndir. Azərbaycan dövləti ölkə gəncliyinin ənənəvi dəyərlər əsasında tərbiyə almasına, vətənə bağlı olmasına, milli maraqları hər şeydən üstün tutmasına, öz tarixini, ədəbiyyatını və ana dilini mükəmməl bilməsinə xüsusi diqqət göstərir. Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini üzündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ümummilli lider istər SSRİ zamanında respublikamıza rəhbərlik edəndə, istərsə də müstəqil Azərbaycana rəhbərlik elədiyi dövrlərdə gənclərin vətənprəvər, milli dəyərlərə, Azərbaycana bağlı nəsil kimi yetişməsinə xüsusi önəm verib. Azərbaycançılıq ideologiyasının mahiyyətini vurğulayan Ulu öndər Heydər Əliyev deyirdi ki, böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqi şəxsiyyət kimi formalaşdırılması cəmiyyətimiz qarşısında duran çox mühüm vəzifədir.

Azərbaycan gəncliyi həm o dövrdə, həm də indi azərbaycançılıq ideologiyasına əsaslanan dövlət gənclər siyasətini, onlara göstərilən qayğını yüksək qiymətləndirir".

Deputat qeyd etdi ki, müasir zamanda hər birimizi düşündürən ən vacib məsələlərdən biri də məhz milli tərbiyə sisteminin qorunması və onun əsasında  milli ideoloji düşüncəyə malik, yəni azərbaycançılıq ideologiyasını mənimsəyən, dərk edən və öz fəaliyyətini bu təməllər üzərində qurmağı bacaran şəxsiyyətlərin formalaşdırılmasıdır: “Gənclərimizdə azərbaycançılıq ideologiyasının formalaşdırılması nəticə etibarilə milliliyə, dəyərlərə, dövlətçiliyə xidmət edir. Müasir dövrdə yeniləşən təhsil sistemində azərbaycançılıq ideologiyasının öyrənilməsi ən ümdə vəzifə kimi qarşıya qoyulur. Azərbaycançılıq, həm də bir ideya olaraq milli tərbiyə sisteminin təməlini təşkil edir. Bu sistemin metodoloji xüsusiyyətləri məhz azərbaycançılıq ideyasında, azərbaycançılıq ideologiyasında əksini tapır. Bu yanaşma, eyni zamanda milli tərbiyə sisteminin  azərbaycançılıq ideologiyasının mənbəyi kimi dərk olunmasına, onun bu istiqamətdə tətbiqinə imkanlar yaradır. Yəni milli tərbiyə sistemi bir mənbə olaraq azərbaycançılığa istiqamətlənirsə, azərbaycançılıq ideologiyası da konseptual baxımdan milli tərbiyə işinin təşkilində mühüm vasitə rolunu oynayır. Tədqiqatlar və təcrübə göstərir ki, müasir dövrdə azərbaycançılıq ideologiyasının formalaşdırılması tariximizə, dövlətçilik ənənələrimizə, mədəniyyətimizə, milli və bəşəri dəyərlərə, torpağa, vətənə, millətə hörmət və məhəbbətdən, milli düşüncəyə, hiss və duyğulara yiyələnməkdən başlayır. İndiki zamanda və gələcəyimiz üçün olduqca vacib olan azərbaycançılıq ideologiyası cəmiyyətin sosial, iqtisadi, siyasi, mənəvi həyatında rəhbər tutduğu ideya və prinsiplər, davranışa, inkişafa istiqamət verən düşüncələr toplusu kimi həm də milli tərbiyə sistemindən qaynaqlanır və cəmiyyətin hərəkətverici qüvvəsi olaraq mühüm rol oynayır.

Hörmətli Prezidentimiz İlham Əliyev də azəbaycançılıq ideologiyasına xüsusi əhəmiyyət  verərək tərbiyə məsələsini, milli dəyərlərimizi  daim ön plana çəkir. Prezident İlham Əliyev Azərbaycan dəyərlərinin bizim üçün ən başlıca dəyərlər olduğunu çıxışlarında bildirib və qeyd edib ki, bizi bir xalq kimi, millət kimi əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz,  ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Həqiqətən də gənclərin milli ruhda tərbiyəsi onlarda  həm də azərbaycançılıq hissinin formalaşmasına imkanlar yaradır".

Xəbərlər