Siyasət 13 Noyabr 2023, 13:23 | Baxış sayı: 82
“İranın Ermənistandakı səfiri Mehdi Sübhani riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir”

“İranın Ermənistandakı səfiri Mehdi Sübhani riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

“İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin Qarabağdan öz arzu və istəkləri ilə köçən ermənilər barədə dedikləri cəfəngiyyatdır, heç bir reallığı əks etdirmir. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağdan ermənilərin köçü erməni separatçılarının və Ermənistan rəhbərliyinin təzyiqi ilə baş tutub. Yəqin İranın rəsmi orqanları, o cümlədən ölkənin Ermənistandakı səfiri bunu tam incəliyinə qədər bilir. Amma riyakarlıq edir, yalanlar uydurur, manipulyasiya edir. Hadisələrin incəliyindən hər kəs, o cümlədən İran tərəfi tam xəbərdardır”.

Deputat vurğulayıb ki, İran səfiri “Laçın” sərhəd keçid məntəqəsində ermənilərin nə üçün köçdüyü barədə onlara verilən sualların cavabını da bilməmiş deyil: “Əgər unudubsa, onun yadına salmaq olar ki, ermənilər “rəhbərlik deyir, köçün, biz də köçürük” deməklə onların hüquqlarının kim tərəfindən pozulduğuna bir daha aydınlıq gətirilər. Bütün suallara cavab ortada olduğu bir vaxtda Mehdi Sübhaninin “yeni Amerika kəşf etməsi”nə ehtiyac da qalmır.

İran prezidenti İbrahim Rəisinin Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı dediyi fikirlərlə onun ölkəsini Ermənistanda rəsmi olaraq təmsil edən səfirin açıqlamasının üst-üstə düşməməsi, ya da təxribata yol verməsi, bu məsələni yenidən gündəmə gətirməsi başqa mətləblərdən xəbər verir.

Belə çıxır ki, ya İranın Ermənistandakı səfiri Tehranın yürütdüyü siyasətdən bixəbərdir, ya da ölkəsinin prezidenti, Rəisinin mövqeyindən fərqli siyasət yürüdür. Hər iki hal səfir üçün qəbahət və böyük siyasi səhv sayılır. Bir tərəfdən İran Azərbaycana Qarabağ məsələsinin tam bitdiyini qəbul etdiyini deyir, digər tərəfdən isə Ermənistana başqa vədlər verir. Əgər belə deyilsə, onda İranın Xarici İşlər Nazirliyi Ermənistandakı səfirin bu açıqlamasına aydınlıq gətirsin, ona siyasi qiymət versin”.

İran səfiri Sübhani Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsindən danışırsa, buna israr edirsə çomağın iki başının olduğunu da unutmasın: “Unutmasın ki, öz müqəddəratını təyinetmə hüququndan danışanda ilk olaraq İrandakı azərbaycanlıların hüquqlarını tanısın. İranda yüz min erməni var, amma onların bütün hüquqları tanınıb, azərbaycanlılar isə 40 milyondur, amma öz dillərində nə bir məktəbi, nə qəzeti, ümumiyyətlə, heç bir hüquqları tanınır.

Bu ölkənin bütün rəsmiləri diplomatik etiketlərə, qaydalara, ölkələr arasında münasibətlərə, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə bir daha nəzər yetirmələri lazımdır. İranın Ermənistandakı səfirinin Azərbaycan torpağı olan Qarabağdan danışması ciddi siyasi səhvdir”.

report.az

Xəbərlər