Siyasət 28 Mart 2024, 15:41 | Baxış sayı: 141
“Quru sərhədləri bağlı qalmalıdır”

Rusiyada baş verən terror hadisəsi vətəndaşların təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirdi”.

Bunu açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, heç bir dövlətin terrordan sığortalanmadığını bu cür hadisələr bir daha sübut edir:

“Həm də insanları təhdid edən terror əməlləri dövlətləri buna qarşı tədbir görməyə vadar edir. Rusiya bu gün Ukraynada aktiv müharibə aparır. Baxmayaraq ki, daxili sabitliyini qorumaq üçün ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, hər addımda şübhəli insanlar yoxlanılır, miqrantlar daim nəzarət altındadır, insanların daha çox toplaşdığı bir məkanda terror aktı törədildi. Buna görə də hər bir dövlət özünüqoruma instinktə sahib olmağı bacarmalıdır”.

A.Hüseynov əlavə edib ki, Azərbaycanın quru sərhədlərini bağlaması təsadüfi deyil:

 “Dövlətimiz daxili təhlükəsizliyimizi təmin etmək üçün ən sərt üsullardan istifadə etməkdə israrlıdır. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bu tədbirlər görülməlidir.

Terroru kimlərin törədə biləcəyini də uzaqda axtarmaq lazım deyil. Ölkəmiz və xalqımız düz 30 il erməni terrorundan əziyyət çəkib. Onların arxasında dayanan güclər Ermənistandan və ermənilərdən bütün hallarda istifadə edə biliblər. 44 günlük müharibədə Azərbaycan təkcə Ermənistanı məğlub etmədi, həm də onların arxasında duran, erməni terrorunu maliyyələşdirən, Ermənistanı yetişdirənləri rəzil etdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına həll etməsi həmin güclərin xoşuna gəlmir, ölkəmizi cəzalandırmaq üçün bütün imkanlarını səfərbər ediblər”.

“Qərbin bəzi ölkələrinin sözü bitəndə terrora əl atması yeni xəbər deyil. Amma onlar özlərini həqiqətin yanında duran kimi təqdim etməklə diqqəti yayındırmaq istəyirlər. Hərçənd cidanı çuvalda gizlətmək artıq mümkün deyil. Ona görə də hələlik quru sərhədlərinin bağlı qalması lazımdır. Xarici ölkələrə çıxış təkcə quru yolu ilə deyil, bunun üçün alternativ nəqliyyat növlərindən istifadə edilə bilər. Quru sərhədləri də tam olaraq qapadılmayıb, amma təklükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib. Bütün bunlar vətəndaşlarımızın təhlükəsizliyi üçündür. Bunu unutmaq lazım deyil”.

oxu.az

Xəbərlər