Siyasət 3 Noyabr 2023, 16:22 | Baxış sayı: 212
“İlham Əliyev böyük oyunçuların Cənubi Qafqaz planlarını puç etdi"

“İlham Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə böyük oyunçuların Cənubi Qafqaz planlarını puç etdi, onların müdaxilə imkanlarını sıfırladı”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, bu gün Azərbaycanda bütün sahələr üzrə əldə olunan uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş dövlət strategiyası təşkil edir: “Məhz cənab Prezidentin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. İyirmi il bundan əvvəl Ulu Öndər xalqa müraciətində prezident seçkilərində onun siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırmaqla yanaşı, onun siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu qeyd etdi. Ulu Öndər həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi. Prezident İlham Əliyev xalqın sevgisini və dəstəyini həm də dövlət başçısı kimi qazandı, Azərbaycanı dünyanın ən güclü dövlətlərindən birinə çevirdi”.

Milli Məclisin üzvü qeyd edib ki, 27 il məqsədli şəkildə dünya gücləri tərəfindən dondurulmuş münaqişə İlham Əliyevin Ali Baş Komandan, qətiyyətli dövlət rəhbəri, sərkərdəlik məharəti ilə 44 gün ərzində həllini tapdı: “Azərbaycan Şanlı Zəfərini tarixə qızıl hərflərlə yazdı və bu qələbə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Prezidentimizin "dəmir yumruğu" hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Prezident İlham Əliyev liderlik keyfiyyətlərindən danışarkən onun prezident seçildiyi ilk gündən bu günümüzə qədər Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurların inikasını görə bilərik. İlham Əliyev həmişə gələcəyə baxan, on illər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran liderdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi və İlham Əliyev bunu etdi”.

“Hazırda dünyanın aparıcı dövlətlərinin edə bilmədiyini Azərbaycan edir, İlham Əliyevin siyasi uzaqgörənliyi və ustalığı bu gün əldə edilən uğurlarımızın, Qarabağda suverenliyimizin tam şəkildə bərpa olunmasının açarıdır, deyə bilərik. İqtisadiyyatda, siyasətdə, sosial problemlərin həllində, infrastruktur layihələrin reallaşdırılmasında məqsədyönlülük görülən işlərin asan və qısa müddətdə, həm də xətasız başa çatmasını şərtləndirən amildir. Qarabağ münaqişəsinin həllində Ali Baş Komandan böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə yaradan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Həm də bütün bu məsələlər həll edilərkən ardıcıllıq, eyni zamanda zaman-məkan tandemi əsas götürüldü”, - o qeyd edib.

A.Hüseynov vurğulayıb ki, bu gün dünyanın iri dövlətləri regional müharibələr səbəbindən çıxış yolu tapmaqda çətinlik çəkirlər: “Güc amilini önə çıxarıb məsələni qısa müddətdə həll edə biləcəklərini düşünürlər. Amma müharibə bataqlığının daha dərininə çəkilirlər. Hazırda dünyanın ən qaynar nöqtələrində proseslərin nəzarətdən çıxmasının əsas səbəbləri də bundadır. Azərbaycan isə İlham Əliyevin uzaqgörənliyi və sərkərdəlik məharəti ilə böyük oyunçuların Cənubi Qafqaz planlarını puç etdi, onların müdaxilə imkanlarını sıfırladı. İlham Əliyev milli lider olduğunu müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən prosesləri reallaşdırmaqla da sübut etdi. Bu gün azadlığına qovuşmuş torpaqlarımızda şəhər və kəndlərimiz yenidən qurulur, yeni yollar çəkilir, Böyük Qayıdış mərhələli şəkildə həyata keçirilir”.

report.az

Xəbərlər