Siyasət 11 May 2023, 14:51 | Baxış sayı: 88
“Təxribat gözlənilən idi, sülh sazişinin imzalanacağına inanmıram”

“Bu gün Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan hərbçimizə Allah rəhmət eləsin. Yaralanan hərbçimizə Allahdan şəfa diləyir, tezliklə sağalmasını arzu edirəm. Bu, Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatıdır. Əvvəla, Ermənistanda vahid hakimiyyət mövcud deyil. Ümumiyyətlə, Nikol Paşinyan dövlətə tam şəkildə rəhbərlik edə bilmir. Onun hakimiyyəti bütün orqanlar tərəfindən qəbul olunmur. Ələlxüsus, Silahlı Qüvvələrdə kifayət qədər Paşinyanın əleyhinə olan qüvvələr var. İkincisi, Paşinyan ABŞ-nin və kollektiv Qərbin təklif etdiyi variantlarla tanış olandan sonra gedib Moskvada 9 May tədbirlərində iştirak etdi. Təbii ki, əsas məqsəd tam başqadır, siyasi, pərdəarxası məqamlar mövcuddur. Düşünürəm, Qərbin təklif etdiyi sülh formatı Moskvanı qane etmir. Burada ziddiyyətli məqamlar var. İndiki halda kollektiv Qərb problemin həllində tam şəkildə olmasa da, qismən maraqlıdır. Ancaq Ermənistanla Azərbaycan arasında dayanıqlı, böyük sülhün əldə olunması Rusiyanın dövlət maraqlarına - konkret Qafqaza olan maraqlarına ziddir. Rusiya indiki halda maraqlıdır ki, konflikt konservasiya olunmuş səviyyədə qalsın. Moskva problemin həllini gələcəyə buraxmağın tərəfdarıdır. Çünki Ukrayna ilə müharibə səbəbindən Rusiyanın kifayət qədər problemləri var, lazımi şəkildə, özünə sərf edən formada Qarabağda problem həll etmək iqtidarında deyil. Buna görə də Rusiya düşünür ki, problemin həlli gələcəyə saxlanılmalıdır. Təbii ki, bu da Qarabağda yaşayan daşnakmillətçi ünsürlərin, terrorçuların, separatçıların mövqeyinə fürsət verir”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, Ermənistanla sərhəddə Laçın ərazisində qurulmuş nəzarət-buraxılış məntəqəsindən sonra sadə ermənilərdən fərqli olaraq separatçı qrupların rəhbərləri öz gələcək fəaliyyətlərinə şübhə ilə yanaşırlar: “Onlar bilirlər ki, ya Qarabağı tərk etməlidirlər, ya da Qarabağdan onlara çıxış yoxdur. Bircə dəfə çıxsalar, geri qayıtmayacaqlar, onları Azərbaycana heç kim buraxmayacaq. Bu baxımdan, müxtəlif təxribatlar törədilir. Üçüncüsü, bu, geosiyasi güclərlə bağlıdır. Dünyada erməni diasporundan kifayət qədər bəhrələnmiş, dünya ermənililiyinə lobbiçilik edən təşkilatlar var. Onlar maksimum çalışırlar ki, erməni məsələsi beynəlxalq gündəlikdən çıxarılmasın. Erməni məsələsinin beynəlxalq gündəlikdən çıxarılması onların özləri üçün böyük bir maliyyə mənbələrindən məhrum olmaq, ən əsası isə Yaxın Şərq regionunu - xüsusən Türkiyəni təsir altından çıxarmaq deməkdir. Kürəsəl güclər erməni məsələsində digər separatçılarla, terror dəstələri ilə birlikdə Türkiyəyə maksimum təsirlərini saxlamaq, Türkiyəni idarəolunan vəziyyətə gətirmək istəyirlər. Sadaladığım üç səbəb, təbii ki, işləyir. Zaman-zaman Ermənistanla Azərbaycan arasında müəyyən yaxınlaşmalar, cüzi də olsa, sülhə yönəlik atılan addımlar olduqda mütləq bir təxribat törədirlər. Təbii ki, təxribatlar Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilir. İndiki halda Ermənistan Silahlı Qüvvələri Paşinyandan daha çox digər xarici qüvvələrə tabedir, onların tapşırıqlarını icra edir. İstənilən halda bugünkü təxribat xoşagəlməz hadisədir. Səmimi deyirəm, gözlənilənilirdi. Şəxsən mən hər danışıqdan, istiləşmədən sonra mütləq təxribat gözləyirəm. Bu, birinci hal deyil. Əvvəl də dəfələrlə belə hallar olub. Gələcəkdə də olacaq, hazır olmalıyıq”.

 

Deputat “ermənilər Heydər Əliyevin 100 illiyi ərəfəsində Azərbaycan Ordusunun sürpriz edə biləcəyindən narahat olduqları barədə informasiya yaysalar da, əksini gördük” fikrinə isə belə münasibət bildirib: “Planlaşdırılmış istənilən terrordan əvvəl ictimai rəy üçün münbit bir zəmin hazırlanır, ictimai rəy formalaşdırılır. Fikir vermək lazımdır ki, bu mənbə haradan gəlir. Bu, qabaqdangəlmişlikdir. Birbaşa göstərir ki, ermənilər əvvəlcədən belə hadisənin baş verəcəyini bilirdilər. Guya Azərbaycan Ordusu sürpriz hazırlayır. Yanlışdır. Bu, həm də terrorçu təşkilatlar tərəfindən ictimai rəyin hazırlanması deməkdir”.

 

N.Məhəməliyev “ekspertlər yay aylarında sülh sazişinin imzalanacağını ehtimal edirdilər, Ermənistanın bu cür təxribatları fonunda sülh sazişi uzana bilərmi?” sualına isə belə cavab verib: “Düşünmürəm ki, sülh sazişi imzalanacaq. Yenə də qeyd edirəm, erməni məsələsinin beynəlxalq gündəlikdən çıxarılmasının əleyhinə çox böyük qüvvələr var. Təsəvvür edin, bir anda Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi imzalanır: bəs sabah dünyada kifayət qədər Azərbaycan, Türkiyə əleyhinə 150 ildən bəri təbliğat aparan qüvvələr nə işlə məşğul olacaqlar? Hansı təsir vasitələri olacaq ki, köhnə siyasətlərini həyata keçirsinlər? Müəyyən razılaşmalar ola bilər, amma böyük sülh müqaviləsinin imzalanmasında o qədər də nikbin deyiləm. Çünki nə xarici güclər, nə dünya erməniliyi, onlara himayədarlıq edən lobbi təşkilatları, nə də əfsus ki, Ermənistan cəmiyyəti bu sülhə hazırdır. Problem bundadır. Təbii ki, Ermənistan cəmiyyətinin əksər hissəsi müharibə istəmir, amma eyni zamanda öz iddialarından, xəstə illuziyalarından da imtina etmək istəmirlər”.

Xəbərlər