İqtisadiyyat 15 İyun 2023, 18:11 | Baxış sayı: 100
"Tikinti sektorunda ciddi nizam-intizamın yaradılmasına ehtiyac var"

“Təəssüf ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur. Tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Ona görə də bu sahədə ciddi nizam-intizamın yaradılmasına ehtiyac var”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, qeyd edilən sahədə nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib:

 

“Prezidentin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına əsasən, müvafiq addımların atılması müəyyən olunub. Həmin sənədin davamı kimi növbəti addım olaraq, qeyri-yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət başçısı tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında”  14 iyun 2023-cü il tarixli fərman imzalanıb. Sənədə əsasən, bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Fərmana uyğun olaraq bütün müayinə mərhələləri, eləcə də hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib. Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılıb. Eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər”.

 

A.Hüseynov əlavə edib:

 

“Qannunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması, özbaşına tikililəri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır. Həmçinin özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis-kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət və sanksiyalar  müəyyən olunub. Ümumilikdə, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir”.

Xəbərlər