Siyasət 27 Oktyabr 2022, 13:10 | Baxış sayı: 227
“Strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətləri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”

“Oktyabr ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edir. 30 il tarix üçün böyük zaman olmasada, Gürcüstanla birlikdə qət etdiyimiz yol, həyata keçirilən transmilli layihələr, əsrlərə bərabərdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, inşa olunmuş, tarixi İpək Yolunun bərpası nəticəsində avtomobil daşımalarının həcmi dəfələrlə artmışdır. İldən ilə, iki dövlət arasında iqtisadi, humanitar əməkdaşlıq,  genişlənir, ticarət dövriyəsi artır. Prezident İlham Əliyevin növbəti səfəri, yeni dövrün çağırışlarına uyğun olaraq, Azərbaycan və Gürcüstan dövlətlərinin qarşısında duran aktual problemlərin həllinə, əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Nəsib Məhəməliyev bildirib.

 

“Yeni dövrün çağırşları dedikdə, Rusiya-Ukrayna müharibəsi nəticəsində Çini, bəzi Asiya ölkələrini Avropa Birliyi ilə birləşdirən və Azərbaycanla Gürcüstandan keçən Orta Xətt marşrutunun inkişaf etdirilməsini nəzərdə tuturam. Ölkə Başçımız, Ələt dəniz limanının aşırma qabiliyyətinin 25 milyon tona çatdırılacağını, Axalkalaki-Qars dəmiryolunun imkanlarının artırılması üçün maliyyə vəsaitinin ayrılacağını bəyan etdi. Təbii, paralel olaraq, sərhəd-keçid məntəqələrinin də buraxılış qabiliyyəti artırılmalı, hər hansı ləngimələr olmadan, maksimum sürətlə, qatarların ötürülməsi təmin olunmasıdır. Digər aktual məsələ isə, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji layihələrinin icrasıdır. Gələn ildən Bakı-Tbilisi-Ceyxan kəməri ilə ixrac neftinin həcmi artırılacaq, Bakı-Supsanın imkanlarından istifadə ediləcək. Qaz nəqlinin iki dəfə artırılması ilə yanaşı, elektrik enerjisinin ixracı və xüsusilə, Xəzər dənizinin və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsidir. Burada da, Azərbaycanın dünya bazarına çıxışında Gürcüstan, tranzit ölkə olaraq əhəmiyyətli iqtisadi dividentlər əldə edəcək. Bütün bu nailiyyətlərin kökündə, mehriban qonşuluq, qarşılıqlı hörmət, Liderlər arasında formalaşmış səmimi münasibət durur. Bu gün Azərbaycan və Gürcüstan xalqları 30 il ərzində əldə olunmuş nailiyyətlərin bəhrəsini görür və gələcəyə hesablanmış yeni layihələr üzərində işləyirlər. Əfsuslar olsun ki, digər qonşumuz Ermənistanla münasibətlərdə 30 illik düşmənçilik, qətllər, dağıdıcılıq, milyona yaxın soydaşımızın faciəsindən başqa xatırlanası müsbət heç nə yoxdur. Erməni təbliğat maşını uzun illərdi ki, Azərbaycanlılarla birgə yaşayışın qeyri-mümkünlüyü barədə yalanlar yayır, Qarabağ münaqişəsinə dini don geyindirirdilər. Ancaq Gürcüstanın və bir çox digər xristian ölkələrinin timsalında dünyaya sübut etdik ki, Azərbaycan multikultural dövlətdir və istənilən ölkə ilə ən yüksək səviyyədə əməkdaşlığa hazırdır. Strateji xarakter daşıyan Azərbaycan-Gürcüstan münasibətləri, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, regional təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rol oynayır”.

Xəbərlər