Cəmiyyət 7 Sentyabr 2021, 13:41 | Baxış sayı: 183
"Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz".

"Oğuz rayonunda şəhidlərimizə və dövlət atributumuza qarşı edilən hörmətsizlikdən xəbərdaram. Az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım və bu hörmətsizliyi edən şəxsin şəhid ailələrindən üzr istəməsini və ciddi şəkildə cəzalandırılmasını tələb etdim".

Bunu Axar.az-a müsahibəsində Oğuz rayonunun deputatı Aqiyə Naxçıvanlı sözügedən rayonun icra başçısının müavini Etibar Yusifovun şəhidlərimizin məzarı üzərindən əklil və bayraqlarımızın zibilliyə atılması ilə bağlı “əmr”indən danışarkən deyb. Deputat bildirib ki, məsələ diqqətindədir:

“Mənə orada təmir işlərinin getdiyini, əklil və bayraqların buna görə götürüldüyünü demişdilər. Amma təbii ki, bunlar bəhanədir və istənilən halda şəhid ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməzdir.

Bir az əvvəl icra başçısı Eyvaz Qurbanovla danışdım. Etibar Yusifov adlı bu şəxsin şəhid ailələrindən üzr istəməsini və onun çox ciddi şəkildə cəzalandırılmasını tələb etdim.

Şəhidlər bizim üçün müqəddəsdir, onlara toxunmaq, onlarla bu cür “zarafat”lar eləmək olmaz. Təmir məsələsi doğrudursa, valideynlər dərhal çağırılmalı, onlara bu addımı atacaqları ilə bağlı məlumat verilməli idi. Bu diqqətsizliyə, hörmətsizliyə yol verilməməli idi.

Bu insanlar hələ özlərinə gəlməyib, yaraları hələ çox təzədi. Bu ağrıların üzərindən bir də bu cür hörmətsizlik etmək yolverilməzdir.

Hazırda bir neçə təşkilat və şəxsən mən özüm bu məsələ ilə məşğulam. Etibar Yusifov kimdir, bilmirəm. İstənilən halda kimdir, kim olur-olsun, öz töhmətini, cəzasını mütləq almalıdır!”

Qeyd edək ki, Oğuz rayonunda şəhidimiz Məhəbbət Paşayevin atası Vaqif Paşayev rayonun Şəhidlər Xiyabanında şəhid məzarları üzərindən təzə əklillərin və bayrağımızın zibilliyə tullanmasını əks etdirən video paylaşıb.