Cəmiyyət 27 Oktyabr 2023, 15:21 | Baxış sayı: 89
“Repetitorluqla məşğul olanların məktəbdə müəllim kimi fəaliyyətinin dayandırılması təklifi tamamilə doğrudur...”

“Uşaqlar yanına hazırlığa gəlsin deyə müəllimin məktəbdə qəsdən dərs keçməməsinin tamamilə əleyhinəyəm. Müəllim sırf repetitorluqla məşğuldursa, qoy məktəbdə onun yerinə bütün var qüvvəsi ilə başqa müəllim işləsin. O da getsin öz repetitorluğu ilə məşğul olsun. Yoxsa enerjisini məktəbdə sərf etmir ki, dərs bitən kimi qaçıb repetitorluq edəcək. Deməli, sən məktəbdə müəllim maaşı da alırsan, məktəbin ətrafında yer tutub repetitorluq edirsən və bu işdən də pul qazanırsan. İndi müəllimin maaşı o qədər də aşağı deyil, yaxşıdır. Belə çıxır ki, eyni şagird sinifdə zəifdir, amma həmin müəllimə hazırlığa gedəndə uğurludur? Bu, necə olar bilər? Mən də düşünürəm ki, repetitorluqla məşğul olanların məktəbdə müəllim kimi fəaliyyətinin dayandırılması təklifi tamamilə doğrudur. İşsiz qalan o qədər müəllim var, onlar gəlib məktəbdə repetitorların yerinə müəllimlik fəaliyyəti ilə məşğul olsunlar...” 

 

Bu sözləri açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyib. 

 

Deputat bu məsələdə məktəb rəhbərliyinin məsuliyyət daşıyıb-daşımaması barədə suala isə belə cavab verib: “Bakının 134 nömrəli məktəbinə tez-tez gedib-gəlirəm, çünki nəvələrim həmin məktəbdə təhsil alırlar. Bu məktəbin direktoru heç bir müəllimə məktəbdə repetitorluqla məşğul olamağa qətiyyən icazə vermir, qadağa qoyub. Bunu tam əminliklə deyirəm. Amma müəllim işdən sonra haradasa ofis tutub repetitorluq edirsə, bunu məktəb direktoru bilməyə də bilər. Artıq müəllimin məktəbdən kənardakı fəaliyyətinə direktor məsuliyyət daşıya bilməz, nəzarət edə bilməz. Bəzi məktəblərdə isə əksinədir, direktorlar müəllimlərə şərait yaradırlar ki, onlar dərsdən sonra məktəbdə repetitorluqla məşğul olsunlar. Şübhəsiz ki, burada məktəb direktoruna da çatan “nəsə” var...”

pravda.az

Xəbərlər