Plenar iclaslar 27 Dekabr 2022, 12:52 | Baxış sayı: 126
"Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır"

“Təhsil sistemində hər şey təmərküzləşir, rəhbərliyin idarəetməsinə verilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu, işləri çətinləşdirir, cavanlar üçün çoxlu problemlər yaradır: “Universitetin vəzifəsi istedadlı uşaqlar yetişdirməkdir, bürokratiya yaratmaq deyil. Xarici ölkələrdə hər universitet dövlət içində dövlətdir. Universitet qəbul etdiyi tələbənin taleyini özü düşünür. Bizdə isə bunlar hamısı yığılıb bir yerə. Mən bunun əleyhinəyəm. Universitetlərin heç bir hüququ qalmayıb, belə olmaz”.

Deputat Aqil Abbas vurğulayıb ki, qanun qəbul etməklə təhsilimizi düzəldə bilmirik: “Bu gün orta məktəb şagirdlərinin ağır çantasını mən götürə bilmirəm. Uşaqlar bu ağırlıqda çantanı götürməkdən axırda ya ştanqist olacaqlar, ya da qozbel. İkinci məsələ, müəllimlərin üstünə çox düşürlər. Müəllimlər bu maaşla bizim ərköyün balalara dərs deyirlərsə, milli qəhrəmanlardır. Uşağa bir şapalaq vurub deyə, 30 illik müəllimi məktəbdən qovublar. Belə şey olar? Mən şiddətə qarşıyam. Amma töhmət verilərdi, nəsə edilərdi. Belə şey olmaz. Kişi müəllimlər onsuz da azdır. Onları məktəbdən belə qovmaq olmaz. Müəllimləri belə ucuzlaşdırmaq olmaz. Peyğəmbərimiz deyirdi ki, mənə bir hərf öyrədənin 40 il onun qulu olaram. Amma bu gün valideynlər məktəbə hücum edirlər. Elə bilirlər ki, müəllim onun quludur. Keçmişdə nadinc şagirdləri məktəbdən çıxarardılar, onlar üçün ayrıca məktəb olardı. Amma onlar orada elə tərbiyə alardı ki, içindən polislər, polkovniklər çıxırdı. İndi şagirdlər müəllimin başına çıxır. Şagirdin əlindəki telefon müəllimin 4-5 aylıq maaşıdır”.

Xəbərlər