Cəmiyyət 1 Mart 2022, 15:01 | Baxış sayı: 306
"Rusiyanın nüvə silahından istifadə edə biləcəyini təsəvvürümə belə gətirmək istəmirəm, çünki, bu, dünyanın sonu deməkdir".

"Rusiyanın nüvə silahından istifadə edə biləcəyini təsəvvürümə belə gətirmək istəmirəm, çünki, bu, dünyanın sonu deməkdir. Əlbəttə ki, Rusiya Prezidenti Vladimir Putin, eləcə də digər dövlət başçıları bunun məsuliyyətini kifayət qədər dərk edirlər. Xüsusilə Rusiya telekanallarında bəzi politoloqların səsləndirdikləri fikirlər cəmiyyətdə təşvişə səbəb olur. Onlar bildirirlər ki, Rusiyanın olmadığı dünyada, ümumiyyətlə, dünya olmamalıdır. Bu, çox təhlükəli yozumdur".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Müharibənin tərkib hissələrindən birinin də informasiya müharibəsi olduğunu qeyd edən deputatın fikrincə, Rusiyanın nüvə silahından istifadəsi ilə bağlı açıqlama psixoloji təsir vasitəsi ola bilər: "Yəni, bu, əməliyyat xarakterli dezinformasiya ola bilər. Lakin nüvə silahının istifadəsi ilə bağlı konkret çağırış və tapşırıqlar, xüsusi rejimin tətbiqi beynəlxalq ictimaiyyəti narahat edir. Arzuolunmaz haldır, tərəflər arasında danışıqların davam etdirilməsi yaxşı olardı. Hər iki tərəfin maksimalist yanaşma və tələblərdən uzaqlaşması lazımdır. Milyonlarla insanın faciəsinə səbəb ola biləcək daha irimiqyaslı qırğınların qarşısı alınmalıdır. Ona görə də istənilən müzakirə və sülh danışıqları müharibədən yaxşıdır. Proseslər təkcə Ukrayna və Rusiya üçün deyil, bütövlükdə planet üçün ciddi təhlükədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan coğrafiya baxımdan hər iki ölkə ilə yaxındır və həm Rusiya, həm də Ukrayna ilə sıx siyasi əlaqələri mövcuddur. Həm də buna görə Azərbaycan atəşkəs rejiminin tezliklə tətbiq edilməsi və sülh bağlanmasının tərəfdarıdır. Nüvə silahından istifadə Üçüncü Dünya müharibəsini qaçılmaz edir ki, bu da Yer kürəsinin məhvinə gətirib çıxara bilər".

Xəbərlər