Siyasət 26 Mart 2023, 17:05 | Baxış sayı: 192
“Rusiya sülhməramlılarının addımları Putinin imzası olan üçtərəfli bəyanata ziddir”

“Rusiya sülhməramlıları açıq şəkildə Qarabağdakı erməni terrorçu və separatçılarına dəstək verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O bildirib ki, bu, indiyə kimi aparılmış danışıqlar və əldə olunmuş razılaşmalara ziddir: “Bu gün Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının 10 noyabr bəyanatının müddəalarına zidd fəaliyyət göstərdiyi danılmaz faktdır. Ən narahatedici məqam isə odur ki, onlar Ermənistandan Qarabağdakı qanunsuz erməni sialhlı dəstələri üçün silah, canlı qüvvə və minalar daşıyırlar. Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan sənədi həyata keçirməlidirlər. Çünki həmin bəyanatda Rusiya Prezidenti Vladimir Putinin də imzası var”.

Deputat vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə əldə etməsindən sonra imzalanan sənədin tələblərinin reallaşdırılması Rusiya sülhməramlılarının vəzifəsidir: “Onlar bunu etsəydilər, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinə son qoyulardı və bu gün Qarabağda tamamilə silahsız bir vəziyyət olardı. Çünki üçtərəfli bəyanata əsasən, Qarabağa Rusiya sülhməramlılarının daxil olması ilə paralel Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələri də ərazimizdən çıxarılmalı idi. Amma son zamanlar görürük ki, nəinki bu həyata keçirilib, əksinə, bu gün Rusiya sülhməramlıları ermənilər üçün Qarabağa silah-sursat daşıyırlar. Bu da açıq-aşkar onu göstərir ki, sülhməramlılar Qarabağda fəaliyyət göstərən erməni separatçılara necə gəldi dəstək verirlər”.

“Prezident İlham Əliyevin bütün beynəlxalq platformalarda, xüsusilə də bu yaxınlarda Almaniyaya səfəri zamanı qeyd etdiyi kimi, bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycanın Konstitusiyasını və qanunlarını qəbul etdikləri təqdirdə Azərbaycanda yaradılmış bütün iqtisadi, sosial, siyasi imkanlardan istifadə edə bilərlər”, - M.Abbaszadə bildirib.

 

O qeyd edib ki, Azərbaycanla bundan sonra heç kim ərazi iddiaları mövzusunda müzakirə aparmağa cəhd edə bilməz: “Çünki artıq Qarabağda müharibə bitib. Son vaxtlar görürük ki, Rusiya sülhməramlıları tərəfindən bu cür addımların atılması bölgədə bir neçə məsələnin aktuallığına gətirib çıxarıb. Amma onlar unutmasınlar ki, Azərbaycan Silahlı Qüvvələri bu gün ölkəmizin daxilində antiterror əməliyyatları keçirməyə qadirdir, eyni zamanda burada fəaliyyət göstərən bütün qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi, onların ərazimizdən çıxarılması ilə bağlı kifayət qədər gücə malikdir. Rusiya tərəfi, xüsusilə də sülhməramlılar 10 noyabr bəyanatının müddəalarının icrasını təmin etməlidirlər. Çünki burada Rusiya Prezidenti Vladimir Putinin imzası var. Ona görə Rusiya sülhməramlı qüvvələri bunu dəyərləndirməlidir”.

M.Abbaszadə bildirib ki, belə davam edəcəyi təqdirdə Azərbaycanın ən yaxşı çıxış yollarından biri Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsini qurması ola bilər: “Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsini qoymaqla bu gün istər Ermənistandan Qarabağa gedən, istərsə də Qarabağdan Ermənistana daşınan yüklərin hansı məqsədlər üçün olduğunu müəyyənləşdirə bilərik. Təbii, yol humanitar məqsədlər üçün açıqdır. Amma Qarabağa Ermənistandan silah-sursatın daşınması bölgədə müharibə riskini daha da artırır. Təbii ki, belə olduğu təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə mübarizəsini apara bilər. Yaxşı olar ki, Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlıları özlərinin mandatlarına uyğun davransınlar”.

Milli Məclis üzvü xatırladıb ki, 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Döyüşlərin dayandırılması üçün Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb, tərəflər üzərinə öhdəliklər götürüblər: “Qarabağda müharibənin bitməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, görürük ki, Azərbaycandan başqa heç bir tərəf 10 noyabr bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu öhdəliklərin içərisində Laçın rayonundan keçən yolun humanitar məqsədlər üçün nəzərdə tutulduğu bəndi də var. Amma bu yoldan hələ də hərbi məqsədlər üçün istifadə edilir. Orada erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması nəzərdə tutulurdusa, biz indi bunun da əksini görürük”.

Xəbərlər