Siyasət 28 İyul 2023, 15:12 | Baxış sayı: 171
“O yüklərin keçirilməsinə icazə verilməyəcək”

“Ermənistan tərəfindən Qarabağa yaşayan ermənilərə “humanitar yardım” məqsədilə göndərilən TIR-ların Laçın-Xankəndi yolu istiqamətində hərəkət etməsini müşahidə edirik”.

Bu sözləri açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib.

O, ötən gün İrəvandan Qarabağa yola düşmüş 400 tonluq “humanitar yük” karvanının sərhəddə gözləməsi faktına münasibət bildirib.

Deputat xatırladıb ki, hazırda TIR-lar Laçın rayonun girişində, Ermənistan ərazisində dayanıb:

“Bunun da müxtəlif səbəbləri var. Səbəblərdən biri ondan ibarətdir Azərbaycan sərhədlərini ordumuz etibarlı şəkildə qorumaqdadır və heç kim sərhədlərimizi qeyri-qanuni formada keçə bilməz, o cümlədən də Ermənistan vətəndaşları. Lakin bütün bunlar hamısı göstərir ki, Ermənistan tərəfi Azərbaycanla apardığı sülh danışıqlarına adekvat deyil”.

Millət vəkilinə görə, biz müharibəni qələbə ilə başa vurub Ermənistana sülh əlimizi uzatmışdıqsa, gərək İrəvan da buna adekvat münasibət bildirəydi:

“Lakin hadisələr göstərir ki, Ermənistan tərəfi nəinki sülh prosesinə sadiqliyini nümayiş etdirir, əksinə, prosesləri daha da idarəolunmaz bir məcraya aparmaq istəyir. Beləliklə, bu gün Laçın sərhədində Ermənistana məxsus yük maşınlarının gözləməsi on göstərir ki, Ermənistan bu məsələdə konstruktiv mövqe nümayiş etdirmir”.

Müsahibimiz diqqəti ona yönəldib ki, Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərə ərzaq və humanitar yardımların daşınması ilə bağlı Ağdam-Xankəndi yolunu təklif edib:

“Hətta Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də cənab Prezident İlham Əliyevin bu təklifini dəstəkləmişdi. Çünki Qarabağda yaşayan ermənilərə məqsəd humanitar yüklərin daşınmasıdırsa, biz onlara Ağdam-Xankəndi yolunu təklif edirik. Mənə elə gəlir ki, bu, əslində, ermənilər üçün sərfəli bir yol olacaq”.

“Amma İrəvan düşünür ki, bu yüklər Ağdam-Xankəndi yolu ilə gedərsə, deməli, sülhün və sabitliyin təmin olunması məqsədilə irəliyə daha bir addım atılmış olacaq. Ermənistan və onun havadarları isə bu sülhün təmin olunmasında maraqlı deyillər. Çünki görəndə ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri belə bu yüklərin daşınmasında seyrçi mövqe tuturlar, hətta bəziləri yüklərin aparılmasında sanki təşkilatçı rolu oynayırlar. Bu göstərir ki, bəziləri Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasında o qədər də maraqlı deyillər”, – əlavə edib.

Həmsöhbətimiz hesab edir ki, yüklər Qarabağa keçirilə bilməz:

“Çünki Azərbaycanın sərhədlərindən icazəsiz heç bir yükün daşınmasına icazə verilmir. Hətta ötən gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvlərinin rəhbərliyi ilə bir qrup erməninin Xankəndidən İrəvana keçidi üçün şərait yaradılıb və heç bir problem yaranmayıb. Amma yüklərin keçirilməsinə icazə verilməyəcək”.

M. Abbaszadə düşünür ki, Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq sərhədlərini kifayət qədər etibarlı şəkildə qoruyur:

“Yüklərin Qarabağa keçirilməsi, əslində, Qarabağda və sərhədlərdə vəziyyətin gərignləşməsinə səbəb ola bilər. Ona görə də Azərbaycan dövləti güc və iradə nümayiş etdirərək, eləcə də bütün bunlara baxmayaraq, öz suveren hüququnu qoruyub saxlamaqda davam etməlidir”.

yenisabah.az

Xəbərlər