Siyasət 12 Dekabr 2023, 17:52 | Baxış sayı: 122
“Bəzi siyasi partiyalar seçki öncəsi manipulyasiya ilə məşğuldur”

Azərbaycan qələbə əldə etdikdən sonra regionda yeni reallıqlar yarandı. Müstəqillikdən sonra bütün ölkə ərazisində suverenliyimizi tamamilə bərpa etdik, hər qarış ərazimizdə üçrəngli bayrağımız dalğalanmaqdadır. Təbii ki, Azərbayacanda keçiriləcək növbədənkənar seçkiləri zərurətə çevirən əsas məsələlər var”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O qeyd edib ki, ilk dəfə olaraq bütün respublika ərazisində defakto və deyure seçkilərin keçirilməsinə nail olunacaq:

“Müstəqil Azərbaycanın qələbəsini həzm edə bilməyən bəzi dövlətlərin təxribat xarakterli davranışlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsinə ciddi ehtiyac var. Təbii ki, bunun yolu da seçkilərdən keçir. Bu nöqteyi-nəzərdən növbədənkənar prezident seçkilərinin keçirilməsi böyük prosesdir. Bu, ölkədə siyasi sistemin möhkəmlənməsinə, islahatların aparılmasına, müsbət nəticələr əldə etməyə imkan yaradacaq. Azərbaycanda vahid seçki imkanları yüksək səviyyədədir, hər bir namizəd Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edə bilər. Bu, bütün namizədlər üçün bərabər şəraitin yaradılmasını ehtiva edir”. 

Deputatın sözlərinə görə bəzi siyasi partiyalar seçki öncəsi manipulyasiya ilə məşğuldur:

“Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda siyasi partiyalar haqqında qanun qəbul edilib. Seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalanan andan yenə müxalifət radikal bəyanatlar verməklə məşğuldur. Seçkilərdə iştirak etmək əvəzinə manipulyasiyalar edir, qərəz nümayiş etdirir. Vaxtilə bəzi siyasi partiyalar qeydiyyatdan keçərkən tələb olunan 5 min imzanı toplamaqda belə çətinlik çəkirdi. Bir neçə dəfə imzaların dəqiqləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra qeydiyyatdan keçirildi. Bu vaxta qədər dağıdıcı fəaliyyətlə məşğul olan bəzi siyasi partiyalar indidən seçkidə uduzacağını görür. Azərbaycan xalqı müzəffər Ali Baş Komandanını, liderini tanıyır. Cənab Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə xalqına verdiyi bütün vədləri yerinə yetirdi. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı verilən bütün vədlər reallaşdı. Düşünürəm ki, növbədənkənar seçkilərlə bağlı verilmiş qərar bundan sonra ölkədə islahatların davamlı şəkildə aparılmasına, siyasi sistemin möhkəmlənməsinə və inkişafına xidmət edəcəkdir”.

demokrat.az

Xəbərlər