Cəmiyyət 19 Oktyabr 2023, 5:18 | Baxış sayı: 246
"Respublikada bu gün ürək çatışmazlığı problemi mövcuddur"

Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanın ürək xəstəliklərindən ölənlərin sayına görə dünya ölkələri sırasında ikinci yerdə olmasına münasibət bildirib.

 

C.Paşazadə açıqlamasında deyib ki, respublikada bu gün ürək çatışmazlığı problemi mövcuddur. 

 

“Təbii ki, bunun səbəbləri də böyükdür. Siqaret, içki, insanların həyat şəraiti, öz sağlamlıqlarına, yeməklərinə diqqət etməmələri, qeyri-sağlam qidalardan istifadə etmək, çox yemək, yağlı yeməklər, mənşəyi bilinməyən yağlardan istifadə etmək. Bütün bunlar, təbii ki, sonda ürəklə bağlı problemlərə yol açır. Səhiyyə sahəsində çalışmasam da, bilirəm ki, ürək xəstəliklərinin Azərbaycanda gündən-günə artması böyük problemdir. Bu günlərdə neçə nəfər gənc bizə ürək xəstəliyindən əziyyət çəkdikləri üçün anju edilmələri, stent qoyulması üçün müraciət edib. Təbii ki, dövlətimiz sığorta üçün şrəait yaradıb, insanlar sığortadan istifadə edə bilirlər. Buna baxmayaraq, ürək xəstəlikləri artıb. Gənc nəsilə, insanlarımıza düzgün qidalanmağı tövsiyə edirəm. Sağlam həyat tərzini seçsinlər. Bizim çox zəngin mətbəximiz var, lakin yeməkləri saatına uyğun istehlak etsələr, daha yaxşı olar. Hər kəsə cansağlığı arzu edirəm. Dövlət müstəqilliyimizin daha da möhkəm olması üçün gələcəkdə bizə sağlam gənclər lazımdır”, - deputat bildirib. 

 

C.Paşazadə Almaniyada 20 min dollar maaşdan imtina edərək Azərbaycana gələn həkim Nicat İbrahimovdan da danışıb: “Mətbuatda bu barədə oxudum. Həmin həkimə öz təşəkkürümü bildirirəm. Təbii ki, hər şey maddiyyatla hesablanmır. Bizim belə vətənpərvər, Vətənini sevən oğullarımız çoxdur. 30 il sonra torpaqlarımızın düşməndən azad edilməsi uğrunda şəhid olanlar, qazilər, döyüşənlər məhz belə savadlı, iradəli gənclərimizdir. Xarici ölkələrdən Azərbaycana üz tutub qayıdan, öz xalqına xidmət etməyi maddiyyatdan üstün tutan gənclərimizə bir daha təşəkkür edirəm. Azərbaycandakı sabitlik, işləmək üçün yaradılan şərait bunu deməyə əsas verir. Cənab Prezident ölkəmizdə səhiyyə sahəsinin inkişafı üçün şərait yaradıb. Səhiyyə sahəsində bilikli gənclərə ehtiyacımız var. Təkcə səhiyyə sahəsində deyil, bir çox sahələrdə. Azad olunan torpaqlarımızda mühəndislərə, enerji sahəsinin mütəxəssislərinə, kənd təsərrüfatında çalışanlara böyük ehtiyacımız var. Xaricdə belə gənclərimiz çoxdur. Onların Azərbaycana gəlib öz xalqına qulluq etmələri təqdirəlayiqdir”. 

 

C.Paşazadə Azərbaycanda ürək problemlərinin daha çox əməkhaqlarının aşağı olmasından, ipoteka, kredit borcunun çoxluğundan qaynaqlandığını deyənlərə isə belə cavab verib: “Həmişə istəyirəm ki, maaşlar bir az da artsın. Nə qədər artsa, bu, cəmiyyətimizin daha yaxşı yaşamasına səbəb olar. Cənab Prezidentimizin əməkhaqqlarının, pensiyalarının artırılması ilə bağlı verdiyi tapşırıqlar, verdiyi qərarlar, apardığı siyasət buna sübutdur. Vətəndaşlarımızın maaşları dövrə, bazardakı qiymətlərə görə bir az fərqlidir. Düşünürəm, getdikcə bu da həllini tapacaq. Kənd yerlərində yaşayan insanlarımızın təsərrüfat üçün müəyyən qədər şəraitləri var. Heç olmasa yaşamlarını yüngülləşdirmək üçün əkin-biçinlə məşğul olsalar, məhsulu öz torpaqlarında özləri yetişdirə bilərlər. Bazarın yükünün azalması kənd təsərrüfatı məhsullarının bazarlarımızda ucuzlaşmasına gətirib çıxarar. Eyni zamanda insanlarımızın yaşamının yaxşılaşmasına kömək edər”. 

pravda.az

Xəbərlər