Siyasət 23 Fevral 2023, 12:50 | Baxış sayı: 163
"Regionda davamlı təhlükəsizliyin və sülhün təmin edilməsi nöqteyi-nəzərdən nəzarət buraxılış məntəqələrinin olması çox vacib bir məqamdır”

“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən, Ermənistan tərəfi kapitulyasiyanı imzaladıqdan sonra regionda yeni reallıqlar yaranıb. Yeni reallıqlar Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını, eyni zamanda normallaşma prosesini özündə ehtiva edir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O, qeyd edib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı həm də kommunikasiyaların açılması çox böyük önəm daşıyır:

“Çünki kommunikasiyaların bərpa edilməsi bir tərəfdən gediş-gəlişi asanlaşdıracaqsa, digər tərəfdən bölgənin iqtisadi imkanlarını artıracaq. Ona görə ki, Azərbaycan-Ermənistan arasında olan münaqişə uzun müddət Şərqi Zəngəzur və Ermənistanla sərhəd olan ərazilərdə iqtisadiyyatın zəif inkişaf etməsinə səbəb olub.  Amma müharibə bitdikdən sonra regionda yeni reallıqlar yaranıb. O reallıqlar sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların bərpa edilməsini, Zəngəzur dəhlizinin açılmasını, Qarabağda yaşayan ermənilərin gediş-gəlişini asanlaşdırmasını özündə ehtiva edir. Eyni zamanda, bu regionda davamlı təhlükəsizliyin və sülhün təmin edilməsi və bunun daimi edilməsi nöqteyi-nəzərdən nəzarət buraxılış məntəqələrinin olması çox vacib bir məqamdır”.
Deputat əlavə edib ki, prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələrinin olmasının önəminin diqqət çəkməsi isə gələcəkdə bu ərazilərdə və regionda davamlı təhlükəsizliyə hesablanmış bəyanatdır:

“Azərbaycan-Ermənistan sərhədində gömrük məntəqələrinin, sərhəd xidmətinin təmin edilməsi, gediş-gəliş zamanı yük maşınlarının, sərnişin maşınlarının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yoxlanılması, gömrük qaydalarının tətbiq edilməsi və s. bu kimi məsələlər çox vacib məqamlardır. Bununla da, dövlət başçısı əvvəlcə qeyd etdi ki, gələcəkdə bu ərazilərin normallaşması, sərhədlərin açılması, kommunikasiyaların bərpa edilməsi, nöqteyi-nəzərdən vacib bir məqamdır. Həmin çəkiləcək dəhlizlərdən isə başqa məqsədlər üçün istifadə edilməməlidir. Sülh və təhlükəsizliyin bərpa olunması, eyni zamanda ərazinin iqtisadi imkanları artırılması çox mühümdür”.

Xəbərlər