Cəmiyyət 27 İyul 2022, 17:01 | Baxış sayı: 234
“Regionda çox ciddi, mürəkkəb proseslər gedir".

“Regionda çox ciddi, mürəkkəb proseslər gedir. Cənubi Qafqaz Rusiya-Ukrayna, Rusiya-Qərb qarşıdurması fonunda siyasi proseslərin episentrinə çevrilib. Burada həm siyasi, iqtisadi, həm geosiyasi maraqlar uğrunda çox ciddi rəqabət və qarşıdurmalar müşahidə edirik. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Ermənistana qəfil səfəri, ardınca Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinin həm İrəvana, həm Bakıya səfərləri, Rusiya-Türkiyə-İranın üçlük “Astana formatı”nda Tehranda keçirilən sammit, eyni zamanda İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Zəngəzur dəhlizinin açılmasının qəti əleyhinə olduğunu ifadə edən xoşagəlməz bəyənatı, “Ermənistan sərhədlərinin dəyişdirilməsi İran üçün qırmızı xəttdir” deməsi, Suriyada Türkiyənin ədalətli, haqlı anti-terror əməliyyatının qarşısının alınması cəhdləri regionu qaynar nöqtəyə gətirib çıxarıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Ermənistan silahlı qüvvələrinin son zamanlarda sistemli atəşkəsi pozması, bir gündə 9 dəfə təxribat xarakterli silahlı insident törətməsi yeni münaqişədən xəbər verir: “Bütün bunlar onu deməyə əsas verir ki, yeni bir münaqişə hazırlanmaqdadır. Çünki  nizamlanma prosesində əvvəllər əldə olunan razılaşmalar tam şəkildə icra olunmayıb. Ermənistan bütün cəhdləri ilə çalışır ki, üçtərəfli sülh danışıqlarının öhdəliklərindən yayınsın. Maksimum çalışır ki, Qarabağda erməni silahlı qüvvələrinin tam çıxarılmasının qarşısını alsın. İndi Azərbaycanın təzyiqləri nəticəsində, beynəlxalq öhdəlikləri qarşısında erməni silahlı qüvvələrinin başqa bir ad – “Qarabağın özünümüdafiə dəstələri” adı altında saxlanılmasına cəhd göstərilir. Kommunikasiyaların açılması istiqamətində işlər ləngidilir, aparılmır. Delimitasiya və demarkasiya prosesləri dayanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan böyük sülhün əldə olunmasına maraqlı görünmür. Ermənistan müxalifətində müharibə istəyən və ayrı-ayrı xarici qüvvələrin tapşırıqlarını icra edən revanşist dəstələr mövcuddur. Bunların da təsiri var. Xaricdən aldıqları tapşırıqlara uyğun şəkildə sülhə hazır olmadıqlarını göstərirlər”.

 

N.Məhəməliyev xatırladıb ki, cənab Prezidenti İlham Əliyev son bəyanatlarında açıq şəkildə Ermənistana xəbərdarlıq etdi: “Erməsnistanla yanaşı, öz imzaları ilə sülhə qarant duran qüvvələrə, Rusiyaya da xəbərdarlıq etdi ki, öhdəliklərini icra etmək vaxtıdır. Əgər öhdəliklər icra olunmasa, Azərbaycanın başqa çıxış yolu qalmır. Cənab Prezidentin apardığı diplomatik səylər ancaq məsələnin sülh yolu ilə həllinə hesablanıb. Lakin sülh imkanları tükəndikdə Azərbaycanın tam ədalətli şəkildə öz ərazisinin bərpasını təmin etmək hüququ var. Heç bir dövlət istəməz ki, yenidən öz ərazisində silahlı təşkilatlanmış terrorçu dəstələri fəaliyyət göstərsin. Hər an bu terrorçu dəstələri Azərbaycan daxilində çox ciddi münaqişəyə səbəb ola bilər. İmkan verə bilmərik ki, erməni terrorçuları, silahlı dəstələri Qarabağda təşkilatlansın və yenidən qlobal müharibə ilə üzləşək. Bunun üçün cənab Prezident İlham Əliyevin apardığı siyasət tam doğru, dürüst və iki dövlət arasında sülhün yaranmasına hesablanıb. Hesab edirəm, erməni silahlı qüvvələri ərazilərimizdən çıxarılmasa, Azərbaycan öz ərazisində anti-terror əməliyyatları keçirməkdə tam haqlıdır. Beynəlxalq hüquq buna imkan verir. Ümid edirik, məsələ sülh yolu ilə həll olunar. İndiki vəziyyətdə Ermənistanın müstəqil şəkildə müharibə aparmaq imkanları qeyri-mümkündür. Çünki bunun üçün Ermənistanın nə güclü ordusu, nə iqtisadi imkanları, nə də təşkilatlanmış, döyüş qabiliyyətinə malik, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gələ biləcək şəxsiyyəti var. Ermənistan düzgün nəticə çıxarmazsa, Azərbaycan haqlı olaraq anti-terror əməliyyatlarına başlaya bilər və başlamalıdır!”

Xəbərlər