Siyasət 17 Avqust 2023, 17:23 | Baxış sayı: 147
"Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlüyünə dəlalət edir"

Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlüyünə dəlalət edir. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Onun sözlərinə görə, FETÖ və digər xarici maraqlı antitürk qüvvələri zaman-zaman Azərbaycanda və Türkiyədə müxtəlif araqarışdırıcı fəaliyyətlərlə məşğul olublar:

 

"Belə qüvvələrin heç vaxt ciddi siyasi çəkisi və elektoratı olmadığından, sosial dayağı və ictimai qüvvələr balansında nüfuzları sıfıra bərabər olduğundan belə antimilli qüvvələrin Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir imkanları mümkün deyil. Belə xain və satqın qüvvələrə xalqımız 30 il əvvəl öz kəskin və sərt reaksiyasını verərək siyasi həyatımızdan birdəfəlik silib. Ancaq müxtəlif şəraitlərdə xaricdəki təhrikedici qüvvələrin qrant layihələrin pulu ilə ələ alınan belə şəxslər öz mövcudluqlarını göstərmək və xidmət etdikləri cərəyanlara öz “sədaqətlərini” təsdiq etmək üçün milli mənafelərimizin əleyhinə fəaliyyət göstərirlər".

 

"Ölkəmizə hansısa problem yaradacaq riskləri olmayan bu şəxslərin FETÖ və digər təşkilatların təsiri altında müxtəlif təxribatlara cəhd etməsi sadəcə onların mənfur niyyətlərindən xəbər verir. Azərbaycan hüquqi dövlətdir və istər daxili , istərsə də xarici təxribatları təcili və operativ şəkildə qətiyyətlə alır və heç kim unutmasın ki, belə provakasiyalara meyl etməklə özünü məsuliyyət altına salır. Onlardan Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda iddialar öz təsdiqini tapdı. Azərbaycan dövlətinə qənim kəsilən bu qüvvələr anti-Azərbaycan, antitürk meyilləri birləşdirdiyindən onlar maskalanmış şəxslər kimi özlərinin əsil niyyətlərini gizlətməyə çalışırlar. Ancaq hər şey göz qabağındadır və Qubad İbadoğlu və Mübariz Mənsimovun FETÖ ilə əməkdaşlığı onların ikiüzlüyünə dəlalət edir. Bu tipli şəxslər qanunlar çərçivəsində məsuliyyət tədbirlərinə cəlb olunaraq, hüquq-mühafizə orqanlarının əsaslı təkzibolunmaz faktları əsasında öz cəzasını almaqdadırlar", - deputat qeyd edib.

 

A.Hüseynov bildirib ki, Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönəldiblər:

 

"Xaricdəki anti-Azərbaycan qüvvələrinin maliyyələşdirilməsi onların bu niyyətlərindən xəbər verir. Ancaq onlar yaddan çıxarmasınlar ki, FETÖ kimi ünsürlərin nə Türkiyədə, nə Azərbaycanda heç vaxt ictimai-siyasi mühitə, dövlətçililiyə heç bir təsir mexanimzi ola bilməz və bu terror təşkilatı darmadağın olaraq sıradan çıxarılıb. Azərbaycan dövləti və cəmiyyəti birmənalı olaraq FETÖ və bu kimi cərəyanlarla mübarizədə qardaş Türkiyəniun yanındadır və olacaq. Heç vaxt xarici qüvvələrin və onların xain əlaltılarının qardaş ölkədə hansısa fitnə-fəsad törətmək niyyətlərinə qarşı Türkiyəyə sarsılmaz birliyini sonadək nümayiş etdirəcəkdir".

report.az

Xəbərlər