Cəmiyyət 23 Avqust 2021, 17:19 | Baxış sayı: 335
"Qədim binadır, orada qəzetlərin tarixi var. Əlimizə keçəni sökə bilmərik".

Azərbaycan Nəşriyyatının binasının təmiri məsələsi yenidən gündəmə gəlib. Mətbuatda Azərbaycan Nəşriyyatının acınacaqlı durumu, xüsusi tarixi olan binanın ürəkbulandıran mənzərəsi kəskin tənqid olunur. Hətta Azərbaycan Dövlət televiziyasında (AzTV) yayımlanan materialda nəşriyyatın rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirilib, oranın "reket” jurnalistlərin məskəni olduğu diqqətə çatdırılıb.

Binanın durumu barədə Modern.az-a danışan deputat Aqil Abbas rəhbəri olduğu “Ədalət” qəzetinin Azərbaycan Nəşriyyatında fəaliyyət göstərdiyini deyib. O, sözügedən binanın acınacaqlı vəziyyətdə olmasına görə, Nəşriyyatın rəhbərliyini tənqid edib:

“Nəşriyyatı təmir etməlidirlər. Həmin bina mərhum Nazim İbrahimovun rəhbərliyi dönəmində təmir olunub. Qədim binadır, orada qəzetlərin tarixi var. Əlimizə keçəni sökə bilmərik. Nəşriyyatın yüksək səviyyədə təmirinə ehtiyac var. Uzun illərdir diqqət etmirlər. Nəşriyyatı təmir etməli olan şəxslər laqeyddirlər, istəyirlər ki, bina qiymətdən düşsün və özəlləşdirsinlər. Çünki Nəşriyyatın bir tərəfini özəlləşdiriblər, yavaş-yavaş digər tərəfinə keçirlər. Nəşriyyat o qədər təmirsizdir ki, bir çox imkanlı baş redaktorlar kənarda özlərinə səliqəli ofis tutublar. Öz əlləri, öz başları, işlərini yerinə yetirirlər.

“Ədalət” qəzeti təsis olunan ilk gündən Azərbaycan Nəşriyyatında yerləşir. Biz ona görə oradayıq ki, iş asandır. Mətbəə əlimizin altındadır. Ayda 700-800 manat kirayə haqqı ödəyirik. Yəqin, kənarda yerləşən digər redaksiyaların da xərci təxmini bu qədərdir. Amma daha səliqəli, daha təmirli yerlərdə otururlar. Nəşriyyat təmir edilsə, otaqlar, dəhlizlər səliqəli olsa, digər redaksiyaların burada otaq kirayələməyə marağı artar”.

Azərbaycan Nəşriyyatının Medianın İnkişafı Agentliyinin (MEDİA) balansına veriləcəyi iddialarına gəlincə, Aqil Abbas bunu mümkün hesab etmir:

“Bu, dövlət nəşriyyatıdır. Dövlətin bir çox nəşrləri, təkcə qəzetlər deyil, həmçinin kitablar, jurnallar və s. orada nəşr edilir. Nəşriyyatda yüksək keyfiyyətli, rəngli çap maşınları var. Düşünmürəm ki, dövlətin binasını MEDİA-nın balansına vermək olar. Redaksiyalar bir yerə yığışsa belə buranı təmir edə bilməzlər, mən öz redaksiyamı təmir etdirmişəm. “Ədalət” qəzetinə verilən 6-7 otaq tam təmirlidir.  Ayrıca qapı da qoymuşuq, bir növ “muxtar respublika” kimi işimizi görürük”.

Qeyd edək ki,  Azərbaycan Nəşriyyatının direktoru sabiq deputat Ağabəy Əsgərovdur. O, son günlər səsləndirilən tənqidlərə cavab verməkdən yayınaraq, susmağa üstünlük verir.

Xəbərlər