Cəmiyyət 6 İyul 2022, 15:14 | Baxış sayı: 72
"Qazi işləyirsə, əmək fəaliyyəti varsa, gediş haqqı niyə tələb olunmasın?"

Bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib. Onlar şəhid valideynləri və qazilər üçün avtobuslarda gediş haqqının ödənişsiz olmasını xahiş edirlər.


Milli Məclisin deputatı Aqil Abbas Pravda.az-a bildirib ki, bu qərarı Nazirlər Kabineti verə bilər: "Düşünürəm, şəhidlərin valideynlərinə, əlillərə avtobus və metroda gediş haqqını pulsuz edə bilərlər. Əgər qazi əlildirsə, ona hörmət edilsin. Yoxsa qazi işləyirsə, əmək fəaliyyəti varsa, gediş haqqı niyə tələb olunmasın? Şəhid ailələrinin onsuz da hamısı Bakıda yaşamır. Bir hissəsi Bakıdadır. Bu, artıq hökumətin işidir”.


Deputat həmçinin ötən gün Vətən Müharibəsi şəhidi Barat Əliyevin atası Muxtar Əliyevə “BakıKart”ı olmadığı üçün "88a" nömrəli marşrut avtobusunun sürücüsü tərəfindən kobud rəftar edilməsinə də münasibət bildirib: "Sürücü qələt edib. Necə yəni? Tutaq ki, heç pulum yoxdur. Döyəcəksən məni? Mən də avtobusa hərdən minirəm. "BakıKart"ım yoxdur. Pul çıxarıb verirəm ki, məni keçirsinlər. Kimsə elə olur, deyir ki, "düşün, mən ödəyərəm". Heç avtobusa minən şəhid atası olmasa belə, axı insanam. Normal münasibət göstərib, deyə bilər ki, "ağsaqqal, düz etmədin". Amma adamı təhqir etmək, kobud davranmaq... Nə bilim, sürücülər də özlərini belə aparırlar. Sürücü əgər şəhid atasına kartı olmadığına görə kobud davranıbsa, qələt edib. İzah edə bilərdi. Karta pul yükləməyi öyrədə bilərdi".

Xəbərlər