Plenar iclaslar 23 Dekabr 2022, 13:11 | Baxış sayı: 122
"Qarabağın sərvətləri mafioz qruplara deyil, Azərbaycan xalqına məxsusdur"

"Bir sıra dövlətlərin Xankəndi-Şuşa yolunda ekoloqların, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiyalarla bağlı ölkəmizə yönəlik sərt ittihamlarla çıxış etmələr reallıqla uzlaşmır və qərəzli yanaşmadır. Onlar hər hansı araşdırma aparmadan, korparativ maraqlarına görə ermənilərə vəkillik edirlər. Məhz həmin qüvvələrin destruktiv fəaliyyətlərinin ucbatından,  sülh müqaviləsi imzalanmadı. Bölgədə gərginlik daha da artdı və problemin həlli çətinləşdi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmliyev deyib 

Deputat qeyd edib ki, düyünün hansı formada açılmasının yalnız bir yolu var:

"Beynəlxalq hüququn normaları əsas götürülməli, ikili standartlardan imtina olunmalı, ədalətli yanaşma olmalıdır. Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisidir. Deməli, Qarabağın təbii sərvətləri hansısa mafioz qruplara deyil, Azərbaycan xalqına məxsusdur. Digər tərəfdən, Qarabağda silahlı terrorçuların qalması yol verilməzdir. İstənilən ölkənin ərazisində qanunsuz silahlı dəstələrin mövcudluğu, həmin ölkənin təhlükəsizliyi üçün ən böyük təhdiddir. Müharibədən çıxmış ölkə olaraq, biz İran, Ermənistan və digər ölkələrdən gəlmiş diversantların Qarabağa sərbəst keçidini, separatçıların yenidən təşkilatlanmalarını sakitcə müşahidə edə bilmərik". 

Deputat hesab edir ki, dinc aksiyalar davam etdirilməli, mülki vətəndaşların, minik avtomobillərinin keçidi maneəsiz təmin olunmalıdır:

"Təbii sərvətlərin əvvəlki qaydada vəhşicəsinə talanmasının, Ermənistana daşınmasının qarşısı qəti şəkildə alınmalıdır. Eyni zamanda, diversantların, digər siyasi təxribatçıların Qarabağa keçidinə imkan verilməməlidir".
 

Xəbərlər