“Polislərin maaşları ona görə artırılmalıdır ki, onların iş rejimi 8 saatlıq deyil, 24 saat işləyirlər...”
“Mən də istəyərəm ki, polis işçilərinin maaşı artsın. Bəs buna hazırda dövlətin maliyyəsi çatar, çatmaz? Müharibədən təzə çıxan, hələ də müharibəsi davam edən, o boyda Qarabağı sıfırdan tikən bir dövlətin maliyyəsi də olmalıdır axı. Yəqin ki, polis işçilərinin də maaşı artırılacaq. Polislərin maaşları ona görə artırılmalıdır ki, onların iş rejimi 8 saatlıq deyil, 24 saat işləyirlər. Bəzən gecə saat 2-də, 3-də hadisə yerinə gedirlər və sair...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
“Dövlətin gücü çatsın ki, maaşları artırsın. Azərbaycanda iki minə qədər prokurorluq, bir o qədər də gömrük işçisi varsa, 20 mindən çox polis işçisi var. Prokurorluğun, gömrüyün maaşını artırmaq o qədər böyük maliyyə tələb etmir. Amma polis işçilərinin maaşını artırmaq üçün çox böyük maliyyə lazımdır. Dəqiq bilmirəm, polis işçilərinin müəyyən mənada maaşları var. Mənim oğlum da polis işçisidir. Maaşı normaldır, yəqin ki, rütbəsinə görə belədir”, - deputat bildirib.
A.Abbas “polislərin maaşlarının artırılması məsələsi Milli Məclisdə yenidən qaldırıla bilərmi?” sualına isə belə cavab verib: “Ola bilər, yenidən bu məsələni Milli Məclisdə gündəmə gətirsinlər. Parlamentin adından danışa bilmərəm. Mən də bu söhbəti qaldırmaram. Ona görə ki mənim oğlum polis işçisidir. Dövlətdən öz oğlumun maaşının artırılmasını istəyə bilmərəm”.