Cəmiyyət 7 Mart 2023, 11:55 | Baxış sayı: 277
“Övladlarım rus “sektoru” bitiriblər, nəvələrim də rus dili bölməsindədir, bağlanmasının tərəfdarı deyiləm”

“Məktəblərdə başqa xarici dillər ödənişlidir ki, rus dili də ödənişli olsun? Adi məktəblərdə necə ki ingilis, fransız və başqa dillər tədris olunur, rus dili də bu dillərin səviyyəsində ola bilər. Dövlət məktəblərində xarici dil ödənişli deyil. Ayrılıqda rus dili saatlarının çoxaldılmasının, rus dilinə başqa imtiyazlar verilməsinin tərəfdarı deyiləm. Azərbaycanlı uşağı məktəbdə oxuyanda ona imkan verilir ki, tədris olunan üç-dörd dildən birini seçsin. İstəsə, rus dilini seçər, istəsə, başqa dil. Şagirdin belə hüququ var. Mənim öz nəvələrim də rus dili bölməsindədir. Onları rus “sektoru”na qoymuşuq. Çünki övladlarım rus “sektoru” bitiriblər. Öz uşaqlarına kömək etmək onlara rus dilində daha rahat olur”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı Azərbaycan məktəblərində rus dilinin tədrisinə daha çox diqqət ayrılmasına etiraz edilməsi barədə danışarkən deyib.

 

Deputat bildirib ki, dil seçimi ailənin istəyi, arzusu ilədir: “Buna narazılıq ola bilməz. Ailəyə öz uşağını hansı dildə oxutmaq rahatdırsa, əlbəttə ki, övladını həmin dildə məktəbə qoyacaq. Mən rus məktəblərinin bağlanmasının, uşaqların rus məktəblərinə verilmələrinin qarşısının alınmasının qətiyyən tərəfdarı deyiləm. Qoy seçim könüllü olsun. Rus dili də bizim üçün xarici dildir. İstəyən rus dilini, yaxud başqa dili seçə bilər. Ədəbiyyat daha rahat tapılır, klassikləri oxumaq rahat olur. Bu baxımdan uşaq hansı dili istəyirsə, onu seçsin. Biz özümüz rus dilində oxumuşuq. Uşaqlarımızı hazırlamaq daha rahat olsun deyə onları rus məktəbinə göndəririk. Bu, o demək deyil ki, biz ana dilimizi unuduruq, ana dilinə üstünlük vermirik. Qətiyyən belə deyil. Deyirlər ki, insan nə qədər başqa dillərdə bilsə, o qədər varlıdır. Bu nöqteyi-nəzərdən seçim sərbəst ola bilər”.

Xəbərlər