Cəmiyyət 7 Fevral 2022, 13:11 | Baxış sayı: 268
"Ola bilər, Cavanşir Feyziyev həmin statusu yazarkən affekt vəziyyətində olub".

"Milli Məclisin İntizam komissiyasına deputat Cavanşir Feyziyevlə bağlı hansısa sənəd daxil olmayıb. Daxil olarsa, təbii ki, baxıla, müzakirə oluna  bilər. Amma mən məsələnin bu dərəcədə şişirdilməsini,  gündəmdə saxlanılmaqla, sosial şəbəkələr vasitəsilə təhqirlərə yol verilməsini düzgün hesab etmirəm".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Nəsib Məhəməliyev deyib.

Deputat hesab edir ki, bütün tərəflər məsələyə dözümlü, təmkinli yanaşmalıdır: "Ola bilər, Cavanşir Feyziyev həmin statusu yazarkən affekt vəziyyətində olub. Əsəbi olub, tələskənliyə yol verib. Burada, məsələnin mahiyyətini bilmədən, İKT-nin verdiyi imkanlardan sui-istifadə etməklə, öz maraqlarından çıxış edən kifayət qədər qüvvələr də var. Yaxşı olardı ki, hörmətli həmkarımız jurnalistləri bir yerə toplayıb, məsələlərə şəxsən aydınlıq gətirməklə, mövzunu bağlayardı. Hər kəsin səhvi ola bilər, lakin uzun illər müsbət fəaliyyəti ilə seçilmiş insanı kütləvi şəkildə linç etmək, düşünürəm ki, o qədər də düzgün deyil. Mən, kimliyindən asılı olmayaraq, ümumiyyətlə hər kəsə qarşı edilən təhqirlərin əleyhinəyəm. XXI əsrdə yaşayırıq, hər şey qanunla, hüquqi müstəvidə həllini tapmalıdır".

Xəbərlər