Siyasət 7 Aprel 2023, 18:25 | Baxış sayı: 185
"Nəinki 4 diplomatın, İran səfirinin də fəaliyyəti ciddi araşdırılmalıdır"

"Son vaxtlar İran İslam Respublikasının siyasi rəhbərliyinin, eyni zamanda parlament üzvlərinin Azərbaycana qarşı əsassız və həqiqəti özündə əks etdirməyən bəyanatlarının səslənməsini müşahidə edirik. Bundan qabaq Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumun həyata keçirilməsi, hücum nəticəsində Azərbaycanın səfirlik işçisinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən böyük terror hadisəsi baş verdi. Bu terror hadisəsi təbii ki, bütün dünya tərəfindən pislənməlidir. Bu terror hadisəsinin baş verməsi Azərbaycanla İran İslam Respublika arasında olan münasibətlərin mənfi istiqamətdə hərəkət etməsinə gətirib çıxardı. Çünki İran tərəfi nə təşkilatçıların, bu məsələnin sifarişçilərini heç bir məsuliyyətə cəlb etməyib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. 

Deputat qeyd edib ki, səfirliyimizə edilən terror hücumu çox böyük əks rezonans verməkdədir:

"İran hələ bununla da kifayətlənmir. Hər gün İranın telekanallarında, informasiya kanallarında Azərbaycana, Azərbaycanın siyasi rəhbərliyinə, bütövlükdə Azərbaycan xalqının ünvanına təhqirəramiz fikirlər işlədilməkdə davam edir. Çox təəssüf ki, Ermənistanın Azərbaycana təcavüzünü pisləmək əvəzinə İran dövləti Qafanda tələsik nümayəndəlik açır, konsulluq təsis edir. Bu konsulluq vasitəsilə Azərbaycanın tarixi torpaqları olan və tarixi yolu nəzərdə tutulacaq Zəngəzur dəhlizinin açılması, inkişaf etdirilməsiylə bağlı mənfi fikirlər söylənilməkdədir. Bütün bunların hamısı molla rejiminin bu gün Azərbaycana qarşı açıq təhdidlərindən xəbər verir. 

Təbii ki, İranın Azərbaycandakı səfirliyinin diplomatları da bu proseslərdə iştirak edir. Görünür ki, artıq bununla bağlı dəqiq məlumatlar var. Onlar Azərbaycanda təkcə səfirlik əməkdaşları kimi özlərini aparmır. Çox gümanki müəyyən kəşfiyyat hadisələrində, ölkədə pozuculuq hərəkətlərinin həyata keçirilməsində, hadisələrin mənfi istiqamətdə yönləndirilməsində özlərinin diplomatik kanallarının təsirləri mövcuddur. Bu nöqteyi-nəzərdən Xarici İşlər Nazirliyinin verdiyi qərar çox düzgündür. 

Hesab edirəm ki, nəinki 4 diplomat, İranın Azərbaycanda fəaliyyət göstərən səfirlik üzvlərinin, səfirin fəaliyyəti ciddi araşdırılmalıdır. Əgər 4 diplomat bu məsələlərdə günahlandırılırsa, deməli səfirliyin bütövlükdə işçilərinin bu hərəkətlərdə, belə pozucu davranışlarda fəaliyyət göstərməsi şübhəsiz ki, öz əksini tapacaq. Belə olan təqdirdə səfirliyin ümumi fəaliyyəti, Azərbaycanda fəaliyyət göstərməsi sual altına düşəcək".

Deputat qeyd edib ki, İranla Azərbaycan arasında olan münasibətlərin bundan sonra da gərginləşməsi müşahidə olunacaq:

"Son vaxtlar İran parlamenti öz xislətlərinə uyğun olan bəyanat qəbul ediblər. Amma onlar bilməlidirlər ki, Azərbaycan Parlamenti həmişə Azərbaycan dövlətçiliyinin qorunması, ölkəmizdə sabitliyin, təhlükəsizliyin qorunmasıyla bağlı Azərbaycan dövlətinin apardığı siyasəti dəstəkləyir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı siyasət hər bir Azərbaycan xalqının üzvü tərəfindən müdafiə edilməkdədir. Təbii ki, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə, dinimizə, irqimizə qarşı yönəlmiş hər bir addım Azərbaycan xalqı və dövləti tərəfindən pislənilir. Bunların hər birinin qarşısı alınacaq".

Xəbərlər